Deputatlar Parlamentlərarası İttifaqın konfransına qatılıblar

 20:16 29.04.2021     103

Aprelin 28-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin iki günlük 7-ci Qlobal Konfransı onlayn formatda işə başlayıb.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi “COVID-19 sonrası bərpa: gənclərin maraqlarına uyğun yanaşma” mövzusuna həsr edilən tədbirdə Milli Məclisin deputatları Kamran Bayramov, Nigar Arpadarai, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

Onlayn konfransın birinci günündə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov  pandemiyanın gənclərə təsiri, onların psixoloji vəziyyəti, pandemiya dövründə könüllülük fəaliyyətinin faydası barədə danışıb.

Bildirib ki, Parlamentlərarası İttifaq çərçivəsində bu mövzuya həsr olunmuş onlayn konfranslar vasitəsilə gənc parlamentarilər arasında hərtərəfli təcrübə mübadiləsi təmin edilməlidir. Deputat pandemiya dövründə gənclərin hüquqlarının qorunması və genişləndirilməsi sahəsində gənc parlamentarilərin fəaliyyəti üçün Rəhbər Prinsiplərin hazırlanmasının və qəbul edilməsinin vacibliyindən danışıb.

Sonra tədbirdə “Yuxarı sinif və universitet təhsilinin dəstəklənməsi bərpa gündəminin prioritetlərindən biri kimi” mövzusunda müzakirələr aparılıb.

Konfransda çıxış edən digər ölkələrin gənc parlament nümayəndələri də gənclərin pandemiyanın mənfi təsirlərindən qorunması yolları barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Konfransın ikinci günündə “Pandemiyadan sonra sağlam gənclik” və “İqtisadi imkanların genişləndirilməsi: problemlərin fürsətə çevrilməsi” mövzularında məruzələr dinlənilib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Bununla da iki günlük konfrans işini başa çatdırıb. //APA