Yeni nazir müavinləri kimdir? - DOSYE

 12:50 30.04.2021     232

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xarici işlər və təhsil nazirinə yeni müavinlər təyin olunması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Təhsil Nazirliyində Aparat rəhbəri vəzifəsini icra edən Muxtar Məmmədov təhsil nazirinin müavini, Xarici İşlər Nazirliyində Ümumi katibliyin rəisi vəzifəsində çalışan Elnur Məmmədov isə xarici işlər nazirinin müavini təyin edilib.

Redaktor.az xəbər verir ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Muxtar Məmmədov ötən il iyunun 23-də Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub.

Digər yeni təyin olunan nazir müavini Elnur Məmmədov isə 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Ceyhun Bayramov 2018-ci ildə təhsil naziri olanda Elnur Məmmədovu özünə müşavir təyin etmişdi. Ötən il xarici işlər naziri təyin olunandan sonra isə E. Məmmədovu öz etibarlı kadrı kimi XİN-ə aparıb.

O, 2020-ci ilin iyun ayından sonuncu təyinata qədər XİN-nin Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. //Qafqazinfo.az