Co Bayden erməniləri məyus etdi - 907-ci DÜZƏLİŞ...

 12:26 03.05.2021     752

Amerika Erməniləri Milli Komitəsi erməni soyqırımını tanıdığına görə ABŞ preizdenti Co Baydenə minnətdarlığını bildirib.

Bir neçə gün sonra isə həmin komitə Co Baydeni erməniləri məyus etməkdə günahlandırıb. Amerika Erməniləri Milli Komitəsi hesab edir ki, Co Baydenin qondarma "erməni soyqırımı"nı tanıması azdır, gərək o, 907-ci düzəlişin yenidən qüvvəyə minməsini də təmin edərdi.

Redaktor.az xəbər verir ki, tanınmış jurnalist  Elbəyi Həsənli mövzu ilə bağlı "Facebook"da maraqlı paylaşım edib:

Xatırladım ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş 2001-ci ildə dondurulub. Çünki 11 sentyabr hadisələrindən sonra ("Əl-Qaidə" ABŞ-da silsilə terror aktları həyata keçirmişdi) Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə ABŞ-a dəstək verdi. Əfqanıstana Azərbaycan üzərindən keçən ABŞ 907-ci düzəlişi dondurmalı oldu.

Ermənilər yaxşı bilir ki, bu düzəlişin həmmüəlliflərindən biri Co Baydendir. O, dəfələrlə 907-ci düzəlişin dondurlmasına və ləğv edilməsinə qarşı çıxış edib.

Ermənilər Azərbaycan torpaqlarını zəbt edən bir vaxtda ABŞ təcavüzkar Ermənistana dəstək vermək üçün 907-ci düzəlişi qəbul edib. Faktiki erməni lobbisindən rüşvət alan Co Bayden və onun kimi senatorlar çıxılmaz vəziyyətdə olan Azərbaycanın kürəyinə arxadan xəncər soxublar.

Bildiyiniz kimi, bu yaxınlarda İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Amerikalı bəyan edib ki, 907-cü düzəliş bu il də qüvvədə olmayacaq.

Əslində 907-cü düzəliş çoxdan ləğv olunmalıydı. Və 907-ci düzəlişə görə ABŞ Azərbaycandan rəsmən üzr istəməliydi.

Amerika Erməniləri Milli Komitəsi Entoni Blinkenin bu bəyanatından narazı qalıb və buna etirazını bildirib. Onların yaydığı bəyanatda vurğulanır ki, ABŞ Azərbaycana hər il 120 milyon dollar yardım edir. Bu yardım dayandırlmalıdır. Əvəzində isə ABŞ Ermənistan və Dağlıq Qarabağa maddi dəstək verməlidir.

907-ci düzəlişin yenidən qüvvəyə minməsi ehtimalı son dərəcə aşağıdır. Çünki Azərbaycan Cənubi Qafqazda dominant ölkədir. Üstəlik, indi Türkiyə ilə Azərbaycan bir yerdədir. Amerikanın bu birliyə qarşı çıxması, bu iki ölkəyə arxa çevirərək balaca və iqtisadi baxımdan zavallı Ermənistanı müdafiə etməsi Ağ Evə uğur gətirməz", - deyə E.Həsənli bildirib.

Aysel Hacıyeva / Redaktor.az