Türkiyəli naziri STEAM mərkəzinin açılışına qatılıb - Quba / FOTO

 17:49 28.05.2021     152

Mayın 28-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qubaya səfər edib.

Redaktor.az xəbər verir ki, nazirlər əvvəlcə Quba rayonunun İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını ziyarət edib. Burada dəfn edilən türk əsgərləri o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Ermənilər İqrıq kəndində də evləri talan edib, məscidi yandırıb, kənd sakinlərinə amansız divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar.

Daha sonra təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Qonaqlar Quba şəhərində yeni salınan Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə tanış olublar.

Qubaya səfər çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyinin qonağı olan nümayəndə heyəti liseyin nəzdində yaradılan STEAM mərkəzinin açılışında iştirak edib.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Nazir diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.

Bildirilib ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Qubadakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyi ilə yanaşı Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi, eləcə də Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin və Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyi nəzdində də STEAM mərkəzi yaradılıb. Bu mərkəzlərin sayının 10-a çatdırılması nəzərdə tutulur. //AzərTAC

22222222222222