“Biz bütün dünyaya örnək şəhər quracağıq” - İlham Əliyev

 19:18 28.05.2021     145

“Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam”.

Redaktor.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilib:

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var.

Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır.

Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir.

Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.