Prezident sərəncam imzalayıb

 15:59 29.05.2021     81

Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az-ın xəbərinə görə, sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalı, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etməli, sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.