Milli Məclisin sədri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Milli Məclis sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.
İki ölkənin qanunverici orqanlarının İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirən Əsəd Qeysər qurumun İkinci Ümumi Konfransında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Əsəd Qeysər diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Milli Assambleya da qardaş ölkəyə dəstəyini ifadə edərək plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının ərazisinə təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Bu qətnamə Pakistanın qətiyyətli mövqeyinin ifadəsidir.
Milli Assambleyanın Sədri hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının işgüzar əlaqələrindən, mütəmadi keçirilən videogörüşlərdən və parlament diplomatiyası çərçivəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysər iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına və dövlətlərarası əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfələrə görə Milli Məclisin Fəxri Medalı ilə təltif edilib. Azərbaycan Parlamentinin Spikeri medalı Əsəd Qeysərə təqdim edib.
Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyəti Pakistan Milli Assambleyasının inzibati binasında və iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Burada Milli Məclisin Sədrinə Pakistan Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Parlament nümayəndə heyətimiz Pakistan parlamentində olan zaman Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərlə birlikdə iki ölkə arasında dostluğun və qardaşlığın nümunəsi olaraq Milli Assambleyanın bağında ağac əkiblər.