Dunya Miyatoviç Kəlbəcərdə minaya düşənlərdən danışdı

 18:48 04.06.2021     92

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə media mənsublarının minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Redaktor.az-ın xəbərinə görə, Dunya Miyatoviç "Twitter"də rəsmi hesabında etdiyi paylaşımda bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təmizlənməsinə təcili ehtiyac var.

“Kəlbəcərdə ikisi media nümayəndəsi olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı Dağlıq Qarabağda münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac olduğunu göstərir”, - deyə Dunya Miyatoviç qeyd edib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb. //APA