Ermənistana təzminat iddiası: Proses nə yerdədir? - DEPUTAT

 18:30 12.06.2021     434

"Ermənilər 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxladıqları dövr ərzində ölkəmizə qarşı törətdikləri  bütün cinayətlərə görə cavab verəcəklər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə vurduqları zərərin qarşılığında ödəyəcəyi təzminata aydınlıq gətirərkən deyib. Deputat hesab edir ki, Azərbaycan torpaqlarına vurduğu ziyan və vətəndaşların əmlaklarını dağıtdıqları, milli-mədəni irsimizə və eko sistemə vurduqları dəhşətli ziyanlar üçün Ermənistan mütləq cavab verəcək:

"Hazırda iqtisadi müstəvidə cinayətlərin qiymətləndirilməsi ilə bağlı proseslər gedir. Beynəlxalq ekspertlər vasitəsi ilə 30 il müddətində Azərbaycana dəymiş ziyan hesablanır. Onun hüquqi müstəviyə daşınması istiqamətində müvafiq prosedurlar həyata keçirilməkdədir. Ermənilər törətdikləri əməllərə görə mütləq cavab verəcək, təzminat ödəməyə məhkum olunacaq və Azərbaycan buna nail olacaqdır. Bir zamanlar Azərbaycana qarşı cinayət törətmiş erməni hərbçi, terrorçu və diversantlarının ədalət məhkəməsi qarşıında cavab verəcəklərini bəlkə də təsəvvür etmək mümkün deyildi. Hazırda bu bir reallıqdır". //Qaynarinfo.az