Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

 14:52 15.06.2021     180

Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

Redaktor.az-ın məlumatına görə, fərmana əsasən, əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

Rusiya ölkədə qalma müddəti bitən əcnəbilərə iyunun 15-dək Rusiya Federasiyası ərazisini tərk etmək barədə xəbərdarlıq etmişdi.

Bu gün isə ölkədə koronavirusla bağlı vəziyyətin yenidən gərginləşməsi ilə bağlı Rusiya prezidenti tərəfindən COVID-19 infeksiyasının yayılmasının nəticələrini aradan qaldırılması dövründə miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalanıb. //APA