ABŞ Azərbaycana 1 milyon dollar ayırıb

 12:27 02.07.2021     99

Amerika Birləşmiş Ştatları USAID vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Redaktor.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirakı zamanı deyib.

O bildirib ki, əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib. ÜST hazırda davam edən PROACT-Qayğı layihəsini genişləndirərək ilkin səhiyyə xidmətləri müəssisələrində infeksiyaların qarşısı alınması səylərini təkmilləşdirəcək və onlar tərəfindən əsas səhiyyə (qeyri-COVID) xidmətlərinin davamlı göstərilməsi bacarıqlarını artıracaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəraitində BQXQAC koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həssas icmalarda infeksiyaların qarşısı alınması təcrübələrinin aşılanmasına kömək edəcək, habelə pandemiyanın səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək üçün psixoloji yardım göstərəcək.

Səfir qeyd edib ki, ABŞ çətin dövrlə üzləşdiyi zamanda Azərbaycana davamlı dəstək göstərməkdə sadiq qalır: “Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik” .

Həmin əlavə vəsait də daxil olmaqla Amerika Birləşmiş Ştatları COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 6,6 milyon dollar vəsait ayırıb. Bu vəsait 1300 səhiyyə işçisinin infeksiyaların profilaktikası və onlara nəzarət; səhiyyə müəssisələrin daxilində risklərə dair məlumatlılıq və risk kommunikasiya tədbirləri; Bakı və bölgələrdə 16000-dən çox ailəyə (təqribən 80000 şəxsə) qida və gigiyenik əşyalardan ibarət yardım; habelə virusun yayılmasının qarşısını almaq məqsədilə preventiv tədbirlərə dair 3 milyondan artıq insanı əhatə edən geniş kommunikasiya tədbirlərinə ayrılıb.

Son iyirmi il ərzində ABŞ qlobal səhiyyə tədbirlərinə 140 milyon ABŞ dollarından artıq yardım ayırıb. //APA