Ermənistanın "mina oyunu" - XƏRİTƏLƏR SAXTADIR? / AÇIQLAMA

İyulun 3-də Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycana təqdim edib.
Azərbaycan artıq yavaş-yavaş qarşısına qoyduğu hədəflərə nail olur. Aydın məsələdir ki, mina xəritələrinin alınması ən azı o torpaqları azad etmək qədər çətin bir məsələdir. Amma bu xəritələrin nə dərəcədə doğru olub-olduğunu hələlik bilmirik. Bəs görəsən sözügedən xəritələr reallığı əks etdirirmi?
Mövzu ilə bağlı Redaktor.az saytının suallarını politoloq Yusif Bağırzadə cavablayıb. Ekspert bildirib ki, Ermənistan hər dəfə müxtəlif yalanlarla qarşı tərəfi aldadır:
“Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan öz öhdəliklərinə və verdiyi sözə həmişə sadiqdir. Bu gün Azərbaycan etibarlı tərəfdaş olaraq tanınır. Bütün dünya ölkələri də ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Bu isə o deməkdir ki, Azərbaycan heç vaxt heç kimi aldatmır və verdiyi sözünə, andına sadiqdir. Ermənistan isə hər zaman qarşı tərəfi aldadıb. Burada söhbət təkcə Azərbaycandan getmir. Ermənistan dəfələrlə ABŞ, Rusiya və digər dövlətləri də aldadıb. Ermənistanın bu yalanları müharibədən sonra daha aydın üzə çıxdı”.
Politoloq bildirib ki, bu xəritələrin nə dərəcədə doğru olduğunu zaman göstərəcək:
“Bədxah qonşularımızdan hər şey gözləmək olar. Xəritələrin Azərbaycana təhvil verilməsində Rusiyanın birbaşa rolu olub. Biz erməni cinayətkarların ölkəl təhvil verilməsi müqabilində mina xəritələrinin ala bildik. Bu xəritənin nə dərəcədə doğru olduğunu zaman göstərəcək. Hesab edirəm ki, bu minaları Emənistan tək yerləşdirməyib. Burada onun havadarları da Ermənistana kömək edib. Həmin xəritələrin bir nüsxəsi Rusiyanın Baş Hərbi Qərargahında da var. Yəni Azərbaycan bu məsələdə diqqətli davranmalıdır. Rusiyadan xəritələrin düzgünlüyü haqqında təminat almaq lazımdır. Söhbət insan həyatından gedir. Ona görə də Ermənistana inana bilmərik”.
Şəbnəm Mehdizadə