Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 19 İL ÖTÜR

 16:48 05.07.2021     609

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 19 il ötür. Ötən dövr ərzində Komitə müxtəlif uğurlara imza atıb. Xüsusilə Fuad Muradov Komitəyə sədr təyin edildikdən sonra bu sahədə daha da canlanma müşahidə olunur. Bu gün diaspor sahəsində Ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. 

Millət vəkili Zahid Oruc Redaktor.az-a açıqlamasında bildirib ki, Dövlət Komitəsi Ermənistanın uzun illər ərzində regional və beynəlxalq miqyasda ölkəmizin əleyhinə sistemli fəaliyyətinə qarşı müqavimət göstərən mühüm bir platformaya çevrilib:

"Əlbəttə, yüzillər ərzində formalaşan diaspor və lobbilərlə rəqabət aparmaq asan deyil. Xüsusilə dünyada müxtəlif siyasi mərkəzlər, kəşfiyyat qrupları müxtəlif vasitələrlə erməniləri əldə saxlayır və onlardan daim öz maraqları üçün istifadə edir. Ermənilərə hər zaman informativ, diplomatik, siyasi dəstək göstərilir. Lakin Azərbaycan prezidenti bizim lobbi mərkəzimizi vahid görmək istəyib. Buna görə dövlət tərəfindən maddi və mənəvi dəstəklər göstərilib. Hesab edirəm ki, biz indi diaspor qurumlarının formalaşmasında üçüncü mərhələni yaşayırıq. Bu qurumlar müəyyən qədər fəaliyyətini koordonasiya edir. Artıq diaspor mərkəzlərimiz təmsil olunduqları ölkələrdə güc mərkəzinə çevrilir".

Z.Oruc qeyd edib ki, Vətən müharibəsi dövründə Azərbaycan bütün dünyada dəmir yumruğa çevrildi:

"Bu yumruğun əsasını təşkil edən qüvvələrdən biri də dünyada yaşayan azərbaycanlılar oldu. Onların müxtəlif formalarda ərsəyə gətirdiyi qruplar, birliklər, mərkəzlər bu işdə böyük rol oynadı. Son 30 ildə hərə öz imkanı çərçivəsində bu işə töhfə verməyə çalışırdı. Komitə isə bu prosesi Azərbaycandan yönləndirirdi. Bir il bundan öncə ermənilərin Tovuz istiqamətində hücuma keçdiyi bir vaxtda diaspor qüvvələrimiz Azərbaycanın səsini daha böyük coğrafiyaya yaya bildi. Bu çox çətin və daim diqqət tələb edən bir sahədir. İndi erməni diasporasında çox ciddi parçalanmanın şahidi oluruq. Bu özü də çox ciddi nəticədir. Bu işlər bundan sonrakı dövrdə də davam etdirilməlidir ki, Azərbaycanın xarici gücü daha da artsın".

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb:

“Hesab edirəm ki, Komitənin fəaliyyəti nəticəsində xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri günü-gündən daha da inkişaf edir. Həmvətənlərimizin yaşadıqları ölkələrdə uğurlarının sayı durmadan artır. O cümlədən Vətən müharibəsi dövründə Komitə Azərbaycan Ordusunun qalibiyyəti haqqında obyektiv məlumatların yayılmasında böyük rol oynadı. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq sayəsində Azərbaycanın haqq səsini dünyaya çatdıra bildik. Bu gün qurumun fəaliyyətə başlamasından 19 il ötür. Onlara fəaliyyətində yeni uğurlar arzu edirəm”.

Şəbnəm Mehdizadə / Redaktor.az