Anar Kərimov Gürcüstanın XİN başçısı ilə görüşüb

 17:03 06.07.2021     413

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafının sülhə və təhlükəsizliyə verdiyi töhfələr diqqət mərkəzində olub.

David Zalkaliani Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib. Nazir bildirib ki, Gürcüstanla Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın genişləndirilməsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.

Anar Kərimov Azərbaycan dövlətinin qonşu və dost Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Beynəlxalq təşkilatlar çərçivəsində siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.