Azərbaycan rəsmən elan etdi - XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ...

 12:14 08.07.2021     570

"Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanı adıçəkilən bölgələrlə bağlı ciddi başlanğıcdır".

Bu barədə Redaktor.az-a siyasi ekspert Asif Nərminalı bildirib. O qeyd edib ki, Xankəndi, Xocalı və Xocavəndlə bağlı məlum fərmandan sonra belə bir alternativ fikir irəli sürüldü: bu, iqtisadi məsələdir və nəticəsi olmayacaq. Amma bu səhv düşüncədir:

"Dövlət bu bölgələrin Azərbaycan ərazisi olduğunu rəsmən elan edib. İlham Əliyev bir neçə dəfə Xankəndinin Azərbaycan torpağı olduğunu, Xocalıya qayıdacağımızı bəyan edib. Bu bölgələrdəki ermənilərin yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyini deyib.  Dağlıq Qarabağ adlı inzibati ərazinin olmadığını, Qarabağa heç bir status verilməyəcəyini açıqlayıb. Sonuncu fərman da bu mövqenin davamı, rəsmiləşməsi və ən əsası adıçəkilən bölgələrlə bağlı ciddi başlanğıcdır. Bu qədər açıq mövqeyə rəğmən hələ də qəbul etməyənlərin iki sualı cavablandırması maraqlı olardı: Dövlət öz ərazisi daxilində hansısa bölgə ilə bağlı siyasi qərar niyə verməlidir? Yaxud necə bir siyasi qərar verə bilər? Cavablar həm də alternativ fikirlərin tam anlaşılması baxımından əhəmiyyətlidir”.

Şəbnəm Mehdizadə