Azərbaycanda icra hakimiyyətlərinin ləğvi - MİLLƏT VƏKİLİ AÇIQLADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə 14 bölgü üzrə təsnifata ayrılır.
Bəs görəsən bu iqtisadi zonaların yaradılmasının hansı əhəmiyyəti var? İqtisadi zonalar yaradıldıqdan sonra yerli icra hakimiyyətləri ləğv edilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, işğaldan azad olunan ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında cəmləşir. Bu zonaların yaradılmasının həm tarixi, həm də iqtisadi əhəmiyyəti var:
“Tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və 10 noyabr bəyanatı ilə gündəmdən “Dağlıq Qarabağ” ifadəsini çıxarıb. Ərazi bütövlüyümüz çərçivəsində ermənilərin yaşadığı ərazilər Azərbaycanın dünya tərəfindən tanınmış torpaqlarıdır. Bu ərazilərdə iqtisadi zonalar yaradılır. Bununla da ermənilərin əvvəllər işlətdiyi ifadə və iddialar tarix oldu”.
Millət vəkili bildirib ki, bu ərazilərin böyük iqtisadi potensialı var:
"İqtisadi potensialın araşdırılıb öyrənilməsi baxımdan bu fərmanın böyük əhəmiyyəti var. Rayonların iqtisadi zonalara bölünməsi həmin zonalar üzrə konkret iqtisadi layihələrin icrasına yönəldəcək. Bu ərazilərdə böyük iqtisadi layihələr həyata keçirilə bilər. Həmçinin, sözügedən əraizlərin turizm potensialı daha da genişlənəcək. 2004-cü ildən etibarən prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial iqtisaid inkişaf proqramları uğurla icra olunur. Artıq dördüncü proqramının icrasındayıq. Lakin uzun illər işğal altında olan ərazilərimiz bu inkişafdan kənarda qalıb. Bu fərman həmin ərazilərin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək”.
A.Badamov bildirib ki, yerli icra hakimiyyətlərin fəaliyyəti Konstitusiyada öz əksini tapıb:
"Konstitusiyanın müvafiq maddəsinə əsasən yerlərdə idarəetmə icra hakimiyyəti başçılar tərəfindən həyata keçirilir. Bu məsələ qanunda öz əksini tapıb, birbaşa ləğv edilə bilməz. Bunun üçün referendum keçirilməli və bu maddə ləğv edilməlidir. Lakin xüsusi nümayəndəliyin yaradılması işğaldan azad olunmuş ərazilərdə xüsusi hal kimi qeyd edilə bilər. Çünki həmin ərazilərin bərpası kompleks yanaşma tələb edir. Xüsusi nümayəndəlik həmin ərazilərin bərpasına ciddi nəzarəti təmin edəcək”.
Şəbnəm Mehdizadə