Qərbi Zəngəzur Azərbaycana birləşdirilir - AÇIQLAMA

“Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmanın iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də ön plana çəkilməlidir. Çünki fərmanla işğaldan azad olunan ərazilərdə yeni iqtisadi zonalar yaradıldı. Qarabağ iqtisadi zonası ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi zonasının yardılması onu deməyə əsas verir ki, gələcəkdə Qərbi Zəngəzur da müəyyən bir formada Azərbayacana birləşdirilə bilər”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, imzalanan fərman yeni siyasi baxış və düşüncə formalaşdırır:
“Zəngəzurun Azərbaycandan ayrılması tarixi ədalətsizlik idi. 10 noyabr bəyanatında qeyd olunur ki, Azərbaycanın qərb rayonları ilə əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsinə dair bənd var. Bu il yanvarın 11-də Rusiya-Ermənistan-Azərbaycan arasında imzalanan üçtərəfli birgə bəyanatda bu dəhlizin istifadəyə verilməsi məqsədilə işçi qrupu formalaşdırılıb. Təəssüflər olsun ki, ötən dövr ərzində Ermənistan tərəfi Zəngəzurun dəhliz formasında istifadəyə verilməyəcəyi ilə bağlı absurd bəyanatlar yayıb. Ermənistan öz üzərinə düşən öhdəliyi dərk etməli və bölgədə yeni gərginliyin yaranmasına səbəbkar olmamalıdır. Digər tərəfdən, Azərbaycan Prezidentinin imzaladığı bu fərman qondarma status məsələsi ilə bağlı müzakirələrə bir daha son qoymuş oldu. Çünki son dövrlər ermənilər tərəfindən status məsələsi ilə bağlı müəyyən təşəbbüslər irəli sürülür. Ermənilər status məsələsinin siyasi müstəvidə çözülmədiyini və hələ də tənizmlənməsinə ehtiyac olduğunu bildirirdilər. Fərman bütün bunlara növbəti dəfə son qoymuş oldu”.
Politoloq qeyd edib ki, fərman hüquqi-normativ sənəddir:
“Beləliklə, rəsmi Bakı status məsələsinin gündəlikdə olmadığı mesajını verdi. Hesab ediərm ki, Qərbi Zəngəzur istiqamətində işlər başlaya bilər. Bu həm də Azərbaycanla Ermənistanın sərhədlərinin tanınması istiqamətində təşviqedici sənəd kimi dəyərləndirilir. Çünki gündəlikdə duran məsələlərdən biri də Ermənistanın Azərbaycanın ərazi bütövülyünü tanımasıdır. Sənəddə Xankəndi, Xcocalı və Xocavəndlə bağlı qeydlər var, bu da gələcəkdə Azərbaycan ərazisində yerləşdirilən sülhməramlıların xidmətinə ehtiyac qalmayacağından xəbər verir”.
Şəbnəm Mehdizadə
