Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər

 15:44 12.07.2021     85

İyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında Ankaraya səfərə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a bildirilib ki, deputatlar 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-nin sədri Mustafa Şəntop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.

Səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri Anıtqəbiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda deputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.