NATO-RUSİYA: Yüz minlərlə əsgər və hərbi texnika... - DƏHŞƏTLİ MÜHARİBƏ!

“Varşava Müqaviləsi Təşkilatı dağlarkən və Almaniyanın birləşməsi zamanı Qərb ölkələri SSRİ-yə şərqə doğru genişlənməyəcəkləri barədə söz vermişdilər. Təbii ki, bu şifahi razılaşma sənədləşdirilməmişdi. Daha sonra NATO keçmiş Qərb bloku ölkələrini üzv qəbul etdi, bununla da kifayətlənməyərək üç Baltik ölkəsini də alyansın sıralarına qoşdu. Növbə qonşu Gürcüstana və Ukraynaya çatanda Rusiya hərbi müdaxilə etdi”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında NATO-Rusiya münasibətlərini şərh edən siyasi ekspert, Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri almış Samir Cəfərov bildirib. O qeyd edub ki, NATO-nun şərqə doğru genişlənməsi Rusiyanı çox narahat edir:
“2006-cı ildə Moskvada çap edilən “Структурогенез и динамика отношений России и НАТО” (“Rusiya ilə NATO arasındakı münasibətlərin struktur genezisi və dinamikası”) kitabımda qısa və orta müddətdə Rusiya ilə NATO arasında hər hansı müharibənin olmayacağını yazmışam. Tərəflər arasında gərginlik artıb-azalacaq, amma məsələ hər zaman siyasi yolla həllini tapacaq. Ötən 15 il bu tezisin doğru olduğunu göstərdi. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Kırım və Donbas hadisələri zamanı Rusiyanın birbaşa hərbi müdaxiləsinə NATO sadəcə dolayı yollarla əngəl olmağa çalışdı. Həmçinin, Rusiya daha da irəli gedərək Gürcüstan və Ukraynanı tam işğal etmədi.
Rusiya ilə NATO arasında mübarizə siyasi, iqtisadi və kiber sahədə davam edəcək, amma açıq müharibə olmayacaq. Lakin tərəflər müəyyən bölgələrdə vəkalət müharibələri apara bilərlər".
Siyasi ekspert NATO-Rusiya münasibətlərinin Azərbaycana təsirindən də danışıb. Onun sözlərinə görə, tərəflər arasında gərginlik Azərbaycana sərf edir:
“1990-cı ilin əvvələrində NATO-Rusiya münasibətləri zirvədəydi, hətta iki tərəfdən də bəzi siyasi şərhçilər, bürokratlar Rusiyanın da qısa zamanda NATO-ya üzv olacağından danışırdılar. Həmin dönəmdə Azərbaycan torpaqları işğal edildi və minlərlə soydaşımız öldürüldü. Amma 30 il sonra vəziyyət tam əksinə idi və biz bundan doğru yararlandıq. Bəli, 44 günlük Vətən müharibəsinin zamanlamasını İlham Əliyevin dərin siyasi zəkasına borcluyuq. ABŞ-da gərgin seçki prosesi, NATO-Rusiya gərginliyi, İran-Qərb ölkələri gərginliyini yaxşı dəyərləndirdi, qardaş Türkiyə və Pakistanın möhtəşəm dəstəyini almağı bacardı. Bütün bunlara rəğmən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında bəzi NATO ölkələri Rusiya və Azərbaycana qarşı qərarların lehinə səs verdilər. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, NATO-Rusiya, həmçinin Rusiyanın digər qonşuları ilə münasibətlərinin pis olması Azərbaycanın regionda dəyərini artırır, Türkiyənin manver imkanlarını genişləndirir”.
Oral Mədənçi
