Şuşaya səfər edən səfirlərə "ATƏŞ AÇILDI" - DÜŞMƏNİN ÇİRKİN PLANI / FOTO

 11:00 14.07.2021     266

“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur:

“Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib. Münaqişə o zaman bitəcək ki, ilk növbədə Azərbaycan hərbçiləri Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar. Qarabağdakı erməni separatçıları tərksilah olacaq və Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq. Həmçinin, Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq. Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir.

Şəbnəm Mehdizadə

2