Ermənistan odla oynayır: Daha bir qanlı müharibə, yoxsa sülh? - AÇIQLAMA

 12:20 29.07.2021     1320

Məğlubiyyəti qəbul edə bilməyən Ermənistan öz çirkin əməllərinə davam edir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib.

Ermənistanın bu təxribatları nə ilə nəticələnə bilər? Proseslər hansı məcrada irəliləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Yusif Bağırzadə cavablayıb. O bildirib ki, prosesə Rusiya ölkəmizin mövqeyini müdafiə edir:

“Bu yaxınlarda prezident İlham Əliyevin Moskva səfəri baş tutdu. Həm Azərbaycan, həm Rusiya tərəfi bu görüşdən sonra dünya ictimaiyyətinə pozitiv mesajlar verdi. 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır və bu müavilə bağlanmalıdır. Müqavilə imzalanmazdan əvvəl isə, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanınmalıdır. Bu müqavilə yalnız sərhədlər müəyyənləşdirdikdən sonra imzalana bilər”.

Politoloq bildirib ki, Ermənistan tərəfi üçtərəfli bəyanata riayət etmir:

“Bir neçə gün əvvəl ermənilər həm Naxçıvan, həm Kəlbəcər istiqamətində atəşkəs rejimini pozdu. Bunun nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. Dünəndən başlayaraq isə Kəlbəcər istiqamətində atışmalar olub. Bu o deməkdir ki, Ermənistan müharibədən öncəki vəziyyətə qayıtmaq istəyir. Onlar dünya ictimaiyyətinə göstərmək istəyir ki, Rusiya iki dövlət arasında təminatçı olmaq istəmir və bu, onların maraqlarına ziddir. Digər tərəfdən Ermənistan Zəngəzur dəhlizi məsələsini də uzatmaq istəyir”.

Şəbnəm Mehdizadə / Redaktor.az