XİN-dən 10 noyabr sazişi ilə bağlı PAYLAŞIM

 10:20 06.09.2021     225

Azərbaycan hökuməti məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə təhlükəsiz və layiqli geri dönməsi üçün işləri davam etdirir.

Redaktor.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin 10 noyabr razılaşması ilə bağlı tvitterdə paylaşımında deyilir.

Paylaşımda qeyd edilir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr sazişinin imzalanmasından 300 gün keçir:

"Bu müddət ərzində azad edilmiş ərazilərdə 15510 hektardan çox sahədən 46486-dan çox mina və partlamamış hərbi sursat təmizlənib. İşğal dövründə Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 160 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Həlak olanlar arasında öz vəzifə borclarını yerinə yetirərkən faciəvi şəkildə mina partlaması nəticəsində həyatlarını itirən iki jurnalist və bir rəsmi şəxs də var.

İşğaldan azad edilmiş Füzuli rayonunda ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Bununla yanaşı Zəngilan və Laçın rayonlarında iki beynəlxalq hava limanının tikintisi davam etdirilir.

Ağdamın baş planı təsdiq edilib və Şuşada çox sayda mədəni binalar və tarixi abidələr bərpa edilib. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsinə başlanılıb və layihənin 2022-ci ilin əvvəlində tamamlanması planlaşdırılır".