Azərbaycan və Türkiyənin BÖYÜK PLANI nədir? - Laçın dəhlizi bağlana bilər

Xəbər verdiyimiz kimi, sentyabrın 6-dan Azərbaycan və Türkiyə hərbçiləri Laçında birgə hərbi təlimlərə başlayıb.
Siyasi şərhçi Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirib ki, bu təlimlər rəsmi Ankara və Bakının işğaldan azad olunmuş ərazilərdə hərbi müstəvidə ilk birgə addımıdır:
"Həmçinin, işğaldan azad olunmuş ərazilərdə ilk hərbi təlim məhz Laçında keçirilir. Bu iki amil özündə mühüm mesajları da ehtiva edir.
Türkiyə bu təlimlərlə Qarabağda bundan sonra hərbi müstəvidə baş verə biləcək proseslərdə Azərbaycanla birgə hərəkət edəcəyini əyani şəkildə göstərir. Həmçinin, Bakı Laçın dəhlizinə vizual nəzarəti gücləndirir. Türkiyə ilə birgə təlimlərin dəhlizin keçdiyi bölgədə keçirilməsi Azərbaycanın bu nəzarətdən geri çəkilməyəcəyi, əksinə daha da artıracağı deməkdir və təlimlər bu prosesdə ölkəmizin əlini gücləndirməyə hesablanıb.
Təlimlər həm də bir həftə öncə Laçın dəhlizində “təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab hesab oluna bilər.
İki ölkənin Bakıda sentyabrın 2-də başlayan və 12-nə qədər davam edəcək hərbi təlimləri paralel şəkildə azad edilmiş ərazilərə də köçürməsi diqqət çəkir. Azərbaycan diplomatik masada tələblərində israr edir və təlimlərlə "hərbi variant"a da hazır olduğunu nümayiş etdirir".
Oral Mədənçi / Redaktor.az