Gənclər və idman naziri Fərid Qayıbovdan gözləntilər: "Yeni addımların şahidi olacağıq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin edilib. Bu münasibətlə dövlət başçısı yeni naziri videoformatda qəbul edib, tapşırıq və tövsiyyələrini verib.
Redaktor.az xəbər verir ki, bu gün gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub. O bildirib ki, bu sahədə hamı birlikdə çalışmalıdır. Müəyyən nəticələr var, amma onlarla kifayətlənməyəcək:
"Dünəndən təbrikləri qəbul edirəm və artıq işləmək lazımdır. Bu, böyük məsuliyyətdir və əlimizdən gələni etməyə hazırıq".
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Ramil Həsən saytımıza bildirib ki, gənclər və idman sahəsində faydalı işlər görəcəyinə inanır:
"Bir maraqlı faktı oxucularla bölüşmək istəyirəm. Bildiyiniz kimi, mən 2005-2010-cu ildə hakim Yeni Azərbaycan partiyasının (YAP) Gənclər Birliyinin sədri olmuşam. Mənim fəaliyyətim mərhum Azad Rəhimovun gənclər və idman nazri olduğu dövrə təsadüf edir. Bu baxımdan Azad müəllimin nə qədər islahatçı olduğunu, Prezident İlham Əliyevin tapşırıqlarını qüsursuz yerinə yetirdiyinin canlı şahidiyəm. İnanıram ki, yeni nazir Fərid Qayıbov da ənənəni davam etdirəcək. Onun nazir təyin edilməsi sevndirici haldır. Ona görə ki, gənc, dinamik və bu sahədə xüsusi təcrübə toplamış, beynəlxalq təcrübə ilə yerli təcrübənin həmahəngliyindən istifadə etmiş şəxsdir. Bu baxımdan əminəm ki, yeni nazir Prezidentin videoformatda qəbul zamanı verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirəcək".
Millət vəkili gənclər və idman sahəsində yeni nazirdən gözləntilər haqda da danışıb:
"Bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də islahatlar vacbdir. İslahatların əsas hissəsi gənclərin, idman sahəsində çalışan mütəxəsisslərin, idmançıların yeni dönəmə, islahatlar prosesinə uyğunlaşdırılmasını təmin etməkdir. Onlar ölkə Prezidenti İlham Əliyevin bu sahədə müəyyən etdiyi hədəfləri düzgün dərk etməlidirlər.
Azərbaycan dövlətinin gənclər və idman sahəsindəki strateji hədəflərinin lokomotivi Gənclər və İdman Nazirliyidir. Bu baxımdan biz yeni addımların, gənclər təşkilatları arasında əməkdaşlığın və sağlam rəqabətin daha da yaxşılaşmasının, idman sahəsindəki boşluqların qısa müddətdə düzəldilərək ortadan qaldırılmasının, istedadlı idmançılarımıza daha geniş şərait yaradılmasının şahidi olacağıq. Bir daha yeni naziri təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar arzulayıram".
Oral Mədənçi / Redaktor.az