"Necə olur ki, Qafan-Gorus yolu Azərbaycan ərazisindən keçir, lakin eyni durum Naxçıvanla əlaqəyə şamil edilmir?!"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması maraq doğurub. O, hökumətin iclasında Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında əlaqə qurulmasına anlayışla yanaşdığını söyləyib.
Redaktor.az xəbər verir ki, N.Paşinyan ölkəsinin bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu vurğulayıb:
"Bizim üçün Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq çox vacibdir. Məsələnin həlli üçün Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında danışıqlar aparırıq. Azərbaycan da özünün Qərb əraziləri ilə Naxçıvan arasında əlaqə yaratmağı hədəfləyir. Onların bu istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq".
Milli Məclisin deputatı Arzu Nağıyev saytımıza bildirib ki, N.Paşinyanın bu açıqlaması Zəngəzur dəhlizinin yaxın zamanda reallaşacağını deməyə əsas verir:
"Nikol Paşinyan bir daha qeyd etdi ki, Zəngəzur dəhlizin açılması vacibdir və bu, baş verəcəkdir. Təbii ki, Nikol Paşinyan və hökumət üzvüləri başa düşürlər ki, hazırda onların kommunikasiyalarında əsas xətlər İran-Ermənistan, Gürcüstan-Ermənistan və Zəngəzur dəhlizidir. Həmçinin, Qazax istiqamətindən Cənub-Şimal dəhlizinə qoşulmaq üçün kommunikasiyaların açılması vacibdir".
Arzu Nağıyev əlavə edib ki, N.Paşinyan reallıqları qəbul edir və başa düşür ki, Ermənistanın başqa yolu yoxdur:
"Baxmayaraq ki, seçkilər zamanı alternativ radikal qüvvələr bu proseslərdə hazırkı status-kvonu saxlamağa, yeni müharibəyə çağırış edirdilər. Nikol Paşinyan isə son çıxışı ilə göstərmək istəyir ki, sülhün tərəfdarıdır. Amma bu məsələdə əsas təsir qüvvəsi Azərbaycanın, Prezident İlham Əliyevin siyasi iradəsidir. Çünki dövlət başçısı dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi bütün hallarda açılacaq. Naxçıvanla quru əlaqəsi bərpa olunacaq. Necə olur ki, Qafan-Gorus yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir, ermənilər sərbəs hərəkət edə bilirlər, lakin eyni durum Naxçıvanla əlaqəyə şamil edilmir?!".
Oral Mədənçi / Redaktor.az