Partiyalardan PA-nın şöbə müdirinin açıqlamasına REAKSİYA

Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən həftə partiya liderləri ilə görüşündən sonra bildirib.
Bəs yeni qanunda nələr yer alacaq? Ölkənin siyasi elitasının hələlik detalları açıqlanmayan qanun layihsəi haqda düşüncələri nədir?
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Hikmət Babaoğlu ölkəmizdə mövcud siyasi sistemin yeni qanunla nizamlanmasının vacibliyindən danışıb:
"Son dövrlərdə 22 partiya ofislə təmin olunub, 25 partiya qurultay keçirib və yenidən qeydiyyata alınıb, 7 partiya yaranıb və qeydə alınıb. Bu, siyasi sistemimizin palitrasının daha da zənginləşdiyini göstərir. “Siyasi sistem təkmilləşməlidir. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun aktualdır”.
Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yeni qanunda partiyaların və ictimai təşkilatların qeydiyyatı ilə bağlı mənasız prosedurların aradan qaldırılmasını təklif etdiklərini deyib:
"Qeydiyyat prosedurunun daha da asanlaşdırılması və seçkiyə bağlanmasını təklif edirik. Yəni seçkiyə qatılan partiya mojaritar dairələrdə 20-30 min səs yığırsa, ondan qeydiyyat üçün min imza tələb etmək absurddur. İkinci, proporsional seçki sisteminə keçid vacibdir. Üçüncü, hakimiyyət partiyalara və sivil toplum qurumlarına ianələrin toplanmasını çox çətinləşdirib, ona görə də çətin qaydalar aradan qaldırılmalıdır. Biz əsas bu 3 təklif üzərində dayanmışıq və bunları yazılı formada müvafiq quruma təqdim etmişik".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev siyasi partiyalarla bağlı yeni qanuna ehtiyac olduğunu bildirib:
"Əlbəttə, yeni şəraitə uyğun sənədə ehtiyac var, amma partiyaların marağını təmin edən qanun olmalıdır. Lakin partiyaların taleyini həll edəcək əsas qanun hansı formada olacaq, mən bundan məlumatsızam".
AĞ Partiyanın sədri Tural Abbaslı son bir ildə siyasi partiyalarla bağlı çox ciddi işlər görüldüyünü deyib. Lakin o hesab edir ki, buna baxmayaraq, hələ də həllini gözləyən məsələlər var:
"Əgər biz sözün həqiqi mənasında çoxpartiyalı sistemin inkişafını, rəqabət mühitinin yaranmasını, demokratik cəmiyyətin qurulmasını istəyiriksə, bunun üçün hələ də atılmalı olan addımların olduğunu düşünürəm”.