"Türkdilli dövlərlərin birliyi üçün mükəmməl bir model yaradılıb" - Deputatdan AÇIQLAMA

 13:41 16.09.2021     945

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək. 

Zirvə görüşündə Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Həmçinin, Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Redaktor.az-a açıqlamasında bildirib ki, Türk xalqlarının birliyi hər zaman aktual olub. Sözügedən təşkilatın adının dəyişdirilməsi bu birliyi daha da möhkəmləndirəcək:

"Türkdilli dövlərlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma təşkilatın adının dəyişdirilməsi ilə daha da inkişaf edəcək. Artıq təkcə dil amili deyil, ümumlikdə Türk dövlətlərinin birliyi ön plana çıxıb. 

Türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, bütün Türk dünyasının zəfəridir. Azərbaycanın qələbəsi yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

Təbii ki, Türk dövlətlərinin birliyində qardaş Türkiyənin rolu danılmazdır. Türkiyə bu birliyin mərkəzində dayanır". 

Oral Mədənçi / Redaktor.az