"Azərbaycan İsrailin diqtəsi ilə hərəkət etmir" - Deputat İrana etiraz etdi

 15:11 20.09.2021     3695

Bir müddət əvvəl Azərbaycanın verdiyi notaya məhəl qoymayan İran bu dəfə öz növbəsində Azərbaycanı təhdid edib. Belə ki, İranın ali dini lideri Seyid Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib. Belə ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərək, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb.

Bəs görəsən, qonşu ölkə rəsmisinin belə bir fikir səsləndirməsinin arxasında nə durur?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını deputat Ceyhun Məmmədov cavablandırıb. O bildirib ki, bu cür ritorika və yanaşma Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmur:

“Azərbaycan hər zaman olduğu kimi İranla münasibətlərin qorunmasının və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır. Lakin Azərbaycanın istədiyi bu təlimlər təşkil edilir və sözügedən təlimlər hansısa ölkənin əleyhinə yönəlmiş təlimlər deyil. Digər tərəfdən isə Azərbaycan İrana bu yaxınlarda nota verərək Qarabağa yük daşınmasına son qoyulmasını tələb etdi. Çünki bu yüklər Xankəndidə qondarma rejimin güclənməsinə xidmət edir. Biz bu məsələ ilə bağlı dəfələrlə öz narahatlığımızı bildirmişik. Lakin İran tərəfi Azərbaycanın notasına əhəmiyyət vermədi. Bunun nəticəsi olaraq Azərbaycan Gorus-Qafan yolunda öz postlarını yerləşdirdi və burada daşınan yüklərə öz nəzarətini təmin etdi”.

Millət vəkili  bildirib ki, İran bu məsələdən çox narahat olub: “İran tərəfi Azərbaycanın mövqeyini anlayışla qarşılamalıdır. Azərbaycanın bu formada ittiham ounması və bu cür sərt fikirlərin səsləndirilməsi qəbul olunmazdır. İran tərəfi qəbul edilən qərarları bir çox hallarda İsraillə əlaqələndirir və Azərbaycanın İsrailin diqtəsi ilə hərəkət etdiyi kimi qəbul edir. Lakin bunların heç bir əsası yoxdur. İran Azərbaycanın Qrabağla bağlı həssaslığını nəzərə almalıdır. Bölgəyə sülhün gəlməsi üçün İran tərəfi də öz töhfəsini əsirgəməməlidir. Hər iki ölkə arasında münasibətlərin inkişafı üçün İran tərəfi də çalışmalıdır. Qarşılıqlı təhdid və ittihamlarla hansısa məsələni həll etmək mümkün deyil”.

Şəbnəm Mehdizadə