"Allahşükür Paşazadə Azərbaycanı hədələyən ayətullaha cavab versin"

 22:54 20.09.2021     1061

"Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişlərinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu son günlər İranın Azərbaycana yönəlik davranışlarını şərh edərkən bildirib.

O, ölkəmizin atdığı addımların tamamilə doğru olduğunu bildirib.

"Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi. Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar. Alınmadı. Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Həsən Amili səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar.

Amiliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı. Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizin ruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermələri bir o qədər əhəmiyyətlidir. Cəsarətli axunda ehtiyacımız var ki, Amiliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amilinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi", - deyə Elxan Şahinoğlu bildirib.