Azərbaycan Ermənistanı MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədliyyə Məhkəməsi məlumat yayıb.
"Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələr işlətmək və irqçi təbliğat hökumət səviyyəsində aparılır", - deyə məlumatda bildirilir.
Azərbaycan tərəfi əlavə edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.
Müraciətdə məqsəd Ermənistanı konvensiyaya uyğun olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsinə məcbur etməkdir. Bununla yanaşı, azərbaycanlıları Ermənistanın davam edən davranışının səbəb olduğu zərərlərdən qorumaqdır. Belə olan təqdirdə Azərbaycan məhkəmədən təcili olaraq müəyyən müvəqqəti tədbirlər görülməsini xahiş edir.