"Sən yuxuda görə bilərsən ki, Ağrı dağı sənin ərazindədir" - Fazil Mustafa

 23:07 24.09.2021     867

"ATƏT-i təmsil edən ölkələrin problemə baxış tərzi ilə bizim baxışımız fərqlidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, onlar hər zaman beynəlxalq hüquqa sayğısız yanaşıblar.

"Biz onların qarşısına xəritələri və beynəlxalq hüququ qoyuruq, onlar isə deyirlər ki, buna ehtiyac yoxdur. Deyirlər ki, bizim arzumuz odur ki, regionda ikinci bir erməni dövləti yaransın və siz buna şans tanıyın. Biz artıq onlara reallığı göstərəcəyik ki, sizin arzularınız yerinə yetmədi. Bu artıq o deməkdir ki, ikinci dəfə süni yaradılmış qondarma erməni dövlətinin başı əzildi. Burada yeni situasiya yaranıb və yeni situasiyada Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemlər həll olunacaq. Ərazi bütövlüyümüzə uyğun olaraq hər hansı bir statusdan söhbət gedə bilməz. Biz orada bir azlıq kimi ermənilərə yaşamaq imkanı tanıya bilərik. Azərbaycan Konstitusiyasında onsuz da bu maddələr var və bütün ölkədə olan milli azlıqlar hansı formada mövcuddurlarsa və bərabər hüquqlu yaşayırlarsa, emrənilər də o cür yaşayacaqlar. Özlərindən Amerika icad eləməyə ehtiyac yoxdur".

Fazil Mustafa bildirib ki, biz öz ərazimizdə hansısa bir məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik:

"Necə ki, Ermənistan, Rusiya və s. dövlətlər buna imkan vermir. Azərbaycan da müstəqil bir dövlətdir və niyə buna imkan verməlidir? Ona görə də bu məsələ hesab edirəm ki, Ermənistana 10 noyabr bəyanatının xatırladılması prosesi olacaq. Yəni biz Laçın dəhlizini açmışıq, buyurun Zəngəzur dəhlizini də siz açın. Açmırsınızsa, biz Laçın dəhlizini mübahisələndirməyə başlayacağıq. Niyə sizə yol mövcud olmalıdır, amma bizə yox? Naxçıvanda yaşayan insanlar sizdən qat-qat şəxsiyyətli və ləyaqətli insanlardır. Necə olur onun yolu yoxdur, amma sizin yolunuz var? Siz hələ terrorçusunuz, separatçısınız, Azərbaycan insanına qarşı aşağılıq şəkildə Xocalı faciəsini törətmiş kəslərsiniz. Sizə niyə yol verməliyik? Ona görə də bu məsələ müzakirə olunacaq və bizim müzakirədən yayınmağımıza hansısa bir ehtiyac yoxdur. Getməliyik və orada konkret mövqeyimizi ortaya qoymalıyıq. Mövqeyimizlə razılaşmasalar da atalar demiş, “Ağa durur, ağacan durur”. Öz yolumuzu davam edib, ərazimizdə olan problemləri həll edəcəyik".

Partiya sədri deyib ki, biz onların xəstə durumda söylədikləri fikirləri əsas götürmürük.

"Dediyim kimi, iki sənəd - beynəlxalq hüquq və real xəritə üzərində nəyi təklif edirsiniz? Buyurun görək. Biz sizə deyirik Zəngəzur dəhlizini açın, siz də oyalanırsınız. Yaxşı, oyalanırsınızsa biz də Laçın dəhlizi məsələsini gündəmə gətiririk. Sonra?! 10 noyabr bəyanatı ortada, imza ortada. İmzanı kənar adam atmayıb ki? Dövlət adından şəxsən sən atmısan. Ola bilər, sən xəyalında qurduğun erməni dövlətindən danışırsan və s. Hansı ki, siz ermənilər Ağrı dağını özünüzdə hesab edirsiniz və ona Ararat deyirsiniz. Sən yuxuda görə bilərsən ki, Ağrı dağı sənin ərazindədir. Yaxşı, bəs Ağrı dağı haradadır? Türkiyə ərazisində! Deməli, sən gördüyün bu dağı ya yuxundan çıxartmalısan, ya da yuxunda saxlayıb, dilə gətirməməlisən. Hər gördüyün yuxunu danışmırlar ki? Erməni bədbəxt hər gördüyü yuxunu danışır. Biz də gündə yuxu görürük. Durub indi danışmalıyıq? Beynəlxaq hüquqda bunun danışılması üzrə qayda yoxdur axı. Burada heç bir tərəddüdə də ehtiyac yoxdur. Biz doğru yoldayıq və bu yolu da davam etdirməliyik. 30 il ATƏT bizi oyalayıb, problemi həll etməyib, qoy, 30 il də ATƏT mövcud olur-olsun. Kənardan durub istədikləri qədər ermənilərlə şampandan içib ərazilərimizə baxsınlar. Əsas odur erməni ki, yoxdur burada. Ərazidə real Azərbaycan gücü varsa və Türkiyə ilə Pakistanın dəstəyi sayəsində Azərbaycan hərbi sahədə daha da güclənibsə, bu reallığı kiminsə dəyişmək imkanı yoxdur və olmayacaq da", - deyə deputat bildirib.