İran hakimiyyəti Qarabağa yük daşıyanlara xəbərdarlıq etdi - Səfirdən AÇIQLAMA

 23:41 24.09.2021     1014

“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Redaktor.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Tərəfimizdən lazım olan addımları atırıq".

Səfir Ermənistanın İranın qonşularından biri olduğunu qeyd edib. "Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”, - deyə Seyid Abbas Musəvi bildirib.