“Ermənistan sülh istəyirsə, öz mövqeyini konkretləşdirməlidir” - Paşinyanın sülh şərtinə REAKSİYA

 15:11 25.09.2021     1562

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən bəzi məqamlara toxunub. O bildirib ki, Ermənistan konstruktiv dialoqa hazırdır: “Bu, regionda uzunmüddətli və davamlı sülhün bərqərar olmasına səbəb olacaq. Bununla əlaqədar olaraq, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması prosesini dərhal başa çatdırmağı təklif edirik. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə yenidən başlamaq lazımdır".

Göründüyü kimi, Paşinyan dialoq üçün Azərbaycana şərt irəli sürüb.

Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, Ermənistan əksər hallarda 10 noyabr razılaşmasının şərtlərini pozur: “Azərbaycan Rusiyanın vasitəçiliyi ilə Ermənistanla 10 noyabr razılaşmasını imzalayıb. Bu bəyanata görə müəyyən bəndlər icra olunmalıdır. Təəssüf ki, Ermənistan son vaxtlar bu sənədin bir sıra bəndlərini pozaraq öz təxribatlarına davam etdirir. Əgər Paşinyanın belə bir arzusu varsa, Ermənistan bu sənədə əməl etməli və yekun sülh razılaşmasına hazır olmalıdır”. 

Millət vəkili bildirib ki, əsirlərin dəyişdirilməsi və qaytarılması kimi məsələlər sülh danışıqları aparılarkən və yekun müqavilə zamanı müzakirə ediləcək: “Azərbaycan Ermənistan tərəfi ilə bu kimi məsələləri müzakirə edə bilər. Lakin Ermənistan bu günə kimi Zəngəzur dəhlizini açmayıb, zaman-zaman atəşkəsi pozur və revanşist, təxribatçı bəyanatlar verir. Paşinyan özü də tez-tez ziddiyətli fikirlər səsləndirir. Hesab edirəm ki, Ermənistan sülh istəyirsə, öz mövqeyini konkretləşdirməlidir”.

Şəbnəm Mehdizadə