Qarabağdakı sülhməramlılara 15 gündə ikinci komandan dəyişikliyinin SƏBƏBİ

 16:18 25.09.2021     1109

Xəbər verdiyimiz kimi, Rusiya Müdaifə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edib. Bu gün general-leytenant Gennadi Anaşkin rəsmən Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Qeyd edək ki, sülhməramlıların ilk komandiri general-leytenant Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da bu vəzifəyə general-mayor Mixail Kosobokov təyin olunmuşdu. O, bu postda cəmi 15 gün qaldı.

Bəs görəsən, çox qısa bir zamanda komandan dəyişikliyinin səbəbi nə ola bilər? 

Mövzu ilə bağlı Redaktor.az-ın sualını hərbi ekspert, polkovnik Şair Ramaldanov cavablandırıb. O bildirib ki, bu, Rusiyanın daxili məsələləri ilə bağlıdır: “Rusiya özü öz kadrlarını təyin edir. Sülhməramlı qüvvələrin fəaliyyəti göz qabağındadır. Sülhməramlı qüvvələrin komandanının tez-tez dəyişməsi hesab edirəm ki, Rusiyada gedən proseslərlə birbaşa bağlıdır. Düzdür, hərbidə baş verən proseslər məxfi olaraq qalır. Ona görə də əslində bu məsələnin ardında bir neçə səbəb dayana bilər”. 

Ekspert bəzi vacib məqamlara da toxunub: “İranın Qarabağa yük daşıması ilə bağlı olaraq Prezident İlham Əliyevin də sülhməramlılara öz iradları oldu. Bu da öz növbəsində ciddi məqamdır. Amma istənilən halda əsas səbəb gizli olaraq qalır. Hesab edirəm ki, zərurət yaranarsa, Rusiya hərbi rəhbərliyi növbəti mərhələdə də kadr dəyişikliyi ilə bağlı qərar verə bilər”.

Şəbnəm Mehdizadə