"Bu yanaşma ciddi toqquşmalara yol aça bilər" - Zahid Oruc

 17:27 27.09.2021     1198

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Dövlət başçısı öz müraciətində Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır".

Prezidentin açıqlamasını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Zahid Oruc bu mesajı əslində bir qədər sarkastik və dərin mənalı bir açıqlama kimi qiymətləndirir: "Ermənilər ABŞ-da, Rusiyada, Fransada və digər ölkələrdə kompakt şəkildə yaşayır. Onların yaşadığı ölkələrin sosial-siyasi həyatında iştirakı özlüyündə separatizm meylləri əks etdirmir. Onlar yaxşı bilir ki, əgər Fransada ermənilər ciddi siyasi tələblərlə çıxış edərsə və özlərinə üstün hüquq istəyərsə, nəyinki Makronun, bütövlükdə Fransa elitasının üzü dönəcək. Onlar bunu ən kəskin şəkildə öz ərazi bütövlüklərinə qəsd sayacaq. Yaxud ermənilər Ağ Evə Kaliforniya ştatında hansısa erməni dövləti yaratmaq üçün müraciət edə bilərmi? Bunu ABŞ rəhbərliyi necə qəbul edər? Lakin Qarabağda 50-100 il yaşayan ermənilərə muxtariyyət verilməlidir?"

Millət vəkili bildirib ki, Azərbaycan indiki halda ermənilərin irəli sürdüyü arqumentlərin nə dərəcədə əsaslı olub olmadığını müzakirə etmir: “Hansısa toplumun istənilən bir ərazidə yaşamağı dövlət təsis etməyi şərtləndirə bilməz. Bu yanaşma bütün dünyanı darmadağın edər. Bu, beynəlxalq hüquqda birmənalı şəkildə qəbul olunmur və ciddi toqquşmalara yol aça bilər. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı verdiyi açıqlama kifayət qədər mötəbər yanaşmadır. Dövlət başçımızın qeyd etdiyi məqamlar əksər siyasətçilərin və dövlət adamlarının arqumentlərini kəsir.

Əgər ermənilərə doğma münasibət göstərmək istəyirsinizsə, buyurun edin. Lakin bunun acı nəticələrini yaşayacaqsınız. Əks halda Makronun bir dəfə də olmadığı Qarabağa göstərdiyi bu sevgi nədən irəli gələ bilər ki? Ölkə rəhbərinin belə bir açıqlaması, Dağlıq Qarabağ kimi inzibati-siyasi vahidin olmayacağını bildirməsi Minsk qrupu və digər qurumlara, qruplara, mərkəzlərə və paytaxtlara verilən mesaj idi. Ən önəmli hədəf isə təbii ki, ermənilər idi. Statussuz erməni öldürülmüş, yox olmuş, torpaqsız erməni anlamına gəlmir. Statussuz müxtəlif dövlətlərin tərkibindən yaşayan o qədər xalq var ki. Onlara status lazımdır?"

Şəbnəm Mehdizadə