"İlham Əliyevin mesajı onu göstərir ki, xalqdan gizlədiləsi heç bir şey yoxdur" - Deputatdan AÇIQLAMA

 17:59 27.09.2021     1359

Xəbər verdiyimiz ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüblü bir məsələdir: “Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir.  Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?"

Prezidentin İranla bağlı çıxışını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı  Aydın Mirzəzadə bildirib ki, İran-Azərbaycanla münasibətlərə həssas yanaşmalıdır: 

“Prezident İlham Əliyev İranla bağlı çox həssas bir mövzuya toxundu. Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi Azərbaycanı narahat edən bir məsələdir. İlk növbədə qeyd edim ki, İranla Azərbaycan arasında həll edilməyən bir məsələ yoxdur. Ona görə də bizim sərhədlərimizdə təlim keçirməyə ehtiyac yoxdur. İran ərazisi çox böyükdür və bu təlimləri istənilən yerdə keçirə bilər. Bu təlimlərin nəyə görə məhz Azərbaycanla sərhəddə keçirilməsi başa düşülən deyil. Prezidentin də vurğuladığı kimi həmin ərazilər işğal altında olan zaman belə təlimlər heç vaxt keçirilməyib. Hesab edirəm ki, İran-Azərbaycanla münasibətlərə həssas yanaşmalıdır. Həm Azərbaycan, həm İran müsəlman ölkəsidir. Bu təlimlərin keçirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmadı və haqlı olaraq bu məsələyə həssaslıqla yanaşılması tələb edildi. İlham Əliyevin bu məsələləri açıq şəkildə danışması onu göstərir ki, xalqdan gizlədiləsi heç bir şey yoxdur. Ümid edirəm İran bütün bunlara bizi qane edəcək bir cavab verəcək”.

Deputat bildirib ki, İran TIR-larının həmin ərazilərə səfərləri həmişə olub. Onun sözlərinə görə, bu, Azərbaycanın İrana ilk xəbərdarlığı deyil:

"Lakin indi situasiya dəyişib, yeni reallıqlar yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Hazırda o ərazi Rusiya sülhməramlılarının nəzarəti altında olsa da, bura bizim ərazimizdir. Təyinatı bilinmədən İran TIR-larının Azərbaycan ərazisinə daxil olması yolverilməz hadisədir. Bu baxımdan, Azərbaycan düzgün olaraq postlar quraraq gömrük rüsumu tutdu. İcazəsiz Azərbaycan ərazisinə daxil olan İran sürücülərini saxlayaraq məsuliyyətə cəlb etdi. İranda hər kəsə aydın olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan heç bir halda hüquqlarımızın pozulmasına razı ola bilməz. İranın Azərbaycandakı səfirinə bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıq edilib. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı növbəti dəfə öz sərt mövqeyini ortaya qoydu”.

Şəbnəm Mehdizadə