Ərdoğanla Putin arasında Azərbaycanla bağlı böyük razılaşma olacaq? - Deputat AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. Məlumata görə, Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Kremlin bugünkü açıqlamasında qeyd olunub ki, dövlət başçıları görüş zamanı Cənbi Qafqazdakı vəziyyəti də müzakirə edəcəklər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ərdoğanla Putinin görüşünə hazırda böyük diqqət var:
“Bu da təsadüfi deyil. Soçi görüşündə post-müharibə dövründə həllini gözləyən olduqca vacib razılaşmaların olacağına dair fikirlər səsləndirilir. Söhbət tarixə çevrilmiş Qarabağ münaqişəsi bitdikdən sonra öz həllini gözəyən məsələlərdən gedir. Burada ən vacib məqam şübhəsiz ki, iki dövlətin arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Digər vacib məsələ isə iqtisadi və nəqliyyat əlaqələrin bərpasıdı, sərhədlərin müəyyən olunmasıdır. Bu konteksdə Zəngəzur dəhlizinin açılması kimi çox ciddi məsələlərə dair fikir mübadiləsinin aparılacağı müzakirəsi gözlənilir”.
Deputat bildirib ki, Soçi danışıqlarında Zəngəzur dəhlizi prioritet mövzular arasında olacaq:
“İlham Əliyev BMT Baş Məclisinin 76-cı sessiyasında videoformatda çıxışında da vurğuladı ki, Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini vermir. Verdiyi 3 xəritənin isə dəqiqliyi 25 faizdir. Bu məsələlərə dair görüş zamanı müzakirələr aparılacaq. Xüsusilə Ermənistan tərəfinin son zamanlar Türkiyəyə müəyyən mesajlar ünvanlaması diqqətdən yayınmır. İkitərəfli əlaqələrin bərpası ilə bağlı mesajlar diqqəti xüsusilə cəlb edir. 2019-cu ildə bir dəfə də belə cəhd olunmuşdu. Lakin o zamanlar torpaqlar işğal altında olduğuna görə bu razılaşma qeyri-mümkün idi. İkinci cəhd yeni şəraitdədir. Bununla yanaşı Ermənistanın təxribatçı davranışı bitməyib və sülh müqaviləsi imzalamaqdan da yayınır. Bütün bu reallıqlar fonunda hesab edirəm ki, Rusiya və Türkiyə prezidentləri arasında Ermənistanın mövqeyinə təsir edə biləcək razılaşma gözlənilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ifadəsini işlətməkdən çəkinir. Ancaq prinsip etibrilə o çox gözəl dərk edir ki, dəhliz məsələsi öz həllini tapmalıdır. Əgər bu olmasa Ermənistan düşdüyü blokadadan çıxa və əlaqələr yarada bilməyəcək. Bu gün kimi aydındır. Hesab edirəm ki, Paşinyan revanşist qüvvələrdən çəkindiyi üçün ehtiyatlı davranır. Soçi danışıqlarında Zəngəzur dəhlizinin prioritet mövzulara arasında olacağını düşünürəm”.
Şəbnəm Mehdizadə