"Ermənistan hələ də təxribatçı əməllərindən əl çəkmir" - Sahibə Qafarova

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında işgüzar səfərdədir.
Redaktor.az xəbər verir ki, sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində Türküstan şəhərinin “Farab library” kitabxanasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Əvvəlcə Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali bildirib ki, bu gün çox əlamətdar bir gündür. Bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. O, müharibədə qazanılmış zəfər münasibətilə Azərbaycan xalqını və Azərbaycan nümayəndə heyətinin üzvlərini təbrik edib, xalqımıza Qarabağdakı quruculuq və abadlıq işlərində uğurlar arzulayıb. Darxan Kıdırali Azərbaycanın Şuşa şəhərinə səfərini xatırlayaraq bu gözəl şəhərin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı rolundan danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, düz bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalından azad edib. Vətən müharibəsi nəticəsində qəhrəman Azərbaycan əsgərləri öz canları, qanları bahasına düşmənə sarsıdıcı zərbələr endirərək onu təslim olmağa məcbur ediblər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpasına başlayıb. Sədr bildirib ki, Ermənistan işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.
Spiker Ermənistanın bölgədə sabitliyin bərqərar olmasına mane olduğunu, hələ də təxribatçı əməllərindən əl çəkmədiyini diqqətə çatdırıb.
Tədbirin sonunda Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.
Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb.


