"Qazilərin pensiyası, müalicəsi ilə bağlı problemlər var" - Deputatdan ETİRAZ

 12:23 30.09.2021     1456

“İlk növbədə Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə bağlı məsələsini həll etməliyik. Bunu etməsək, qeyri-neft sektorunun inkişafının təminini gecikdirmiş olacağıq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, dövlət büdcəsinin formalaşdırılmasında Milli Məclisin rolunun artırılması çox vacibdir: “Yaşadığımız mərhələ büdcənin hər manatına daha ciddi nəzarət etməyin vacibliyini göstərir. Büdcənin nəticəliliyinin artırılmasına nəzarətin gücləndirilməsi lazımdır. Qanunda imkan verilməlidir ki, Hesablama Palatası nəticəliliyə nəzarət etməyə məsul olsun”.

Deputat qeyd edib ki, büdcə zərfinə daxil olan qanunlarda yaşayış minimumu təkmilləşdirilməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır: “İkincisi, büdcədə şəhid ailələri və qazilərin problemlərinin həllinə diqqət artırılmalıdır. Qazilərin pensiyası, müalicəsi ilə bağlı problemlər var. Bu problemlərə daha çox diqqət yetirmək lazımdır. Biz yeni - postpandemiya və postkonflikt mərhələsinə keçmişik. Bunların hər birinin öz problemləri var. Ötən əsrdə və bu əsrin əvvəlində qəbul edilən qanunların təkmilləşdirilməsinə böyük ehtiyac var. Xarici investisiyalarla bağlı qanun təkmilləşdirilməlidir. İşğaldan azad olunmuş ərazilərə xarici investisiyaların cəlb edilməsi hazırda bizim üçün çox vacibdir. Bu sahədə bəlkə də yeni qanunun qəbuluna ehtiyac var. Sahibkarlıq fəaliyyəti, qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunlara yenidən baxılmalı, hətta yeni qanunlar qəbul edilməlidir. Qanunlar yeni yaşadığımız dövrün tələbinə uyğunlaşdırılmalıdır”.