Türküstanda imzalanan sənəd Şuşa Bəyannaməsinin genişlənmiş variantıdır - Deputat AÇIQLADI

 18:51 30.09.2021     1622

Xəbər verdiyimiz kimi Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçirilən TürkPA-nın 10-cu plenar sessiyasında iştirak edib. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanıb. Bəs görəsən, Türküstan Bəyannaməsi Azərbaycan üçün nə vəd edir? Sənəd özlüyündə nələri ehtiva edir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Fazil Mustafa cavablandırıb. Deputat bildirib ki, Türküstan Bəyannaməsi Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir. Bu sənəd bir növ Şuşa Bəyannaməsinin genişlənmiş variantı kimi qəbul edilməlidir:

“Ümumilikdə bu sənəd türk dövlətlərinin birlik və həmrəyliyini özündə ehtiva edən ciddi bir sənəddir. Gələcəkdə bu sənədə dayanıb öz maraqlarımızı təmin edərək daha ciddi layihələri həyata keçirə bilərik. Hesab edirəm ki, Özbəkistanın da bu prosesdə qalıcı şəkildə olması birliyimizə daha böyük güc qatacaq. Gələcəkdə Türkmənistanın da bu sənədə qoşulacağı ehtimalı var. Bütün bunlar yeni reallıqlar yaradır. Türk dövlətləri içərisində ən sancılı vəziyyətdə olan Azərbaycan idi. Çünki Azərbaycanın bir hissəsi işğal altında idi. Azərbaycan bu problemi həll etdikdən sonra prosesdə ən aktiv dövlətə çevrildi. Qələbə bizi həm də dost qardaş ölkələrlə münasibətdə mövqeyi güclü dövlətə çevirdi. Ona görə biz bunu doğru dəyərləndirməliyik və bu istiqamətdə əməkdşalığı genişləndirməliyik”.

Deputat bildirib ki, Türküstan Bəyannaməsi məhz bu məramlara xidmət edən bir sənəddir: “Sənədin imzalanması ilə dörd türk dövlətinin həmrəy olduğu açıq şəkildə bildirildi. Bəyannamədə pandemiya ilə bağlı fəaliyyətlərin koordonasiya olunması, elmi istiqamətdə naliyyətlərin paylaşılması, hüquq sahəsində əməkdaşlıq, iqtisadi əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması kimi ciddi tələbələr öz əksini tapıb”.

Şəbnəm Mehdizadə