Moskva öz təklifləri Bakı və İrəvana verdi - RƏSMİ

 20:51 30.09.2021     940

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində insident problemlərinin dayanıqlı və uzunmüddətli həllini Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılmasında, daha sonra bütün sərhəd boyu demarkasiya aparılmasında görür.

Redaktor.az xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamenti direktorunun müavini Aleksey Zaytsev bildirib.

“Moskva müvafiq danışıqlar prosesinin başlanmasının təmin edilməsi üzrə təklifləri formalaşdırıb, İrəvana və Bakıya verib. Tərəfdaşların reaksiyasını gözləyirik”, - deyə diplomat vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün mümkünlüyü barədə sualı cavablandıran A.Zaytsev qeyd edib ki, ATƏT-in Minsk qrupu tərəfindən yeni danışıqların təşkili ciddi hazırlıq tələb edir.

“Rusiya həmişə bunu əsas götürüb ki, müntəzəm dialoq, xüsusən yüksək və ali səviyyədə dialoq problemli məsələlərin həlli üçün qarşılıqlı anlaşmanın əldə olunmasına və konstruktiv mühitin dəstəklənməsinə kömək edir. Məhz Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə müntəzəm əlaqələri sayəsində Qarabağda qan tökülməsinin qarşısını alan və regionda dinc həyatın əsasını qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaq mümkün oldu”, - deyə RF XİN rəsmisi qeyd edib.