"Biz çox acınacaqlı durumlarla üzləşirik" - Qənirə Paşayeva MM-də vacib problemləri qaldırdı

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı çıxış edərək, bir sıra vacib mövzulara toxunub.
Redaktor.az xəbər verir ki, millət vəkili şəhid adlarının əbədiləşdirilməsilə bağlı danışaraq bildirib ki, yalnız Tovuz rayonu 44 günlük Vətən müharibəsində 70-dən artıq şəhid verib, ancaq onların adlarının əbədiləşdirilməsi məsələsi həllini tapmayıb.
“Tovuz rayonunda çoxsaylı küçələr var ki, onların adı yoxdur. Mövcud qanunvericiliyə yenidən baxıb, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atmaq olar”, - deyə komitə sədri bildirib.
Q.Paşayeva Baş nazirə müraciət edərək bildirib ki, Tovuz Rayon İcra Hakimiyyətindən şəhid adlarının əbədiləşdirilməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb:
“Çox xahiş edərdik ki, Zəfər Gününə qədər o müraciətlərə baxılsın. Zəfər Gününədək bu müraciətlərə baxılması çox yaxşı olar.”
Deputat başqa bir mövzuya – alimentlər mövzusuna da vurğu edərək, bildirib ki, bu halda uşaqlar əziyyət çəkir, qurban olur:
“Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək”.
Komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu söyləyib:
“Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Çünki övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.