"İranın Azərbaycanla sərhədə qoşun yığması başa düşülən deyil" - Sərhəddəki təlimlərə REAKSİYA

 18:27 01.10.2021     1172

Xəbər verdiyimiz kimi, İranın Quru Qoşunları ölkənin şimal-qərb bölgələrində təlimlərə başlayıb. Belə ki, “Fatehan Xeybər” adlanan təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev  Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə İranın hərbi təlimlərinə sərt reaksiya vermişdi. Lakin İran sərhəddə növbəti dəfə “güc nümayişi” göstərir. Maraqlıdır, Azərbaycanla münasibətləri pozmaqda İranın məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını millət vəkili Aydın Mirzəzadə cavablandırıb. O bildirib ki, İranın bu hərəkətləri başa düşülən deyil: "Azərbaycan tərəfdən hansısa təhülkə və narahatlıq yoxdur. Azərbaycan İranla xoş münasibətlər qurmaq istəyir. Biz bunu dəfələrlə bəyan etmişik. Hətta İrana qarşı xaricdə bəzi qüvvələr birləşərkən belə Azərbaycan onlara qoşulmaqdan imtina edib. Bunun qarşılığında isə İranın belə təlimlər keçirməsi və qoşun yığması başa düşülən deyil. İranın bu addımları mehriban qonşuluq münasibətinə kölgə salır. Ümid edirik ki, İran Azərbaycanla münasibətlərin qorunub saxlanılmasının vacibliyini dərk edəcək".

Deputat bildirib ki, Azərbaycan bu məsələdə öz mövqeyini bildirib: "İranla siyasi məsləhətləşmələr aparılıb. Azərbaycan səfirliyi İranda bu hadisələrdən öz narahatlığını bildirib. İranın Azərbaycandakı səfiri müvafiq hakimiyyət orqanlarına çağrılaraq Azərbaycanın mövqeyi ortaya qoyulub. Azərbaycan bu məsələlərin diplomatik danışıqlarla həll etməyə üstünlıük verir".

Şəbnəm Mehdizadə