"Azərbaycan İrana hücum planı üzərində işləmir" - Xameneyinin tvitinə REAKSİYA

 13:49 05.10.2021     2039

Son günlər İranla Azərbaycan arasında yaşanan gərginlik sönmək bilmir. Qonşu ölkənin din nümayəndələrinin verdiyi müəyyən açıqlamalardan sonra rəsmi şəxslərin açıq təhdid mesajlarını aldıq. Son olaraq İranın ali dini lideri Seyid Əli Xameneyi öz tvitter hesbında yazdıqları ilə gündəmə gəldi. O bildirib ki, öz qardaşlarına quyu qazanlar öncə özləri quyuya düşür. Bəs görəsən, Xameneyinin bu açıqlaması Azərbaycana təhdid kimi qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, 30 il ərzində İranla Azərbaycan arasındakı münasibətlər müxtəlif mərhələlərdən keçib: “İlkin dövrdə İranla Azərbaycan münasibətləri həddən artıq gərgin olub. Lakin ulu öndər Heydər Əliyevin və İlham Əliyevin liderliyi dövründə İranla əlaqələrimiz daha praqmatik, realist səviyyədə olub. Bu dövrdə iki ölkə bir birinin daixli işlərinə qarışmamaqla yanaşı regional təhlükəszilik faktorlarını nəzərə alıb. Lakin görünür ki, 44 günlük Vətən müharibəsi geopolitik siyasi düzəni dəyişdirib. Azərbaycan öz ərazisində öz suveren haqlarını gerçəkləşdirərkən bunu üçüncü dövlətlərə qarşı demarş formasında reallaşdırmayıb. Hətta 44 günlük müharibəsindən dərhal sonra Prezident İlham Əliyev Xudafərinə ziyarəti zamanı dostluğa xitab etdi. Onun çıxışında hansısa ərazi iddiasından, qarşı durmadan söhbət gedə bilməz”.

Millət vəkili bildirib ki, iki ölkə arasında yaşanan bu gərginlik İranda yeni hakimiyyətin tam formalaşmamasından irəli gəlir:

“Əvvəlki illərdə müxtəlif problemlər İranın müxtəlif hökumət orqanları, SEPAH, Prezident Adminstrasiyası, Ali Dini Şuranın nümayəndələri tərəfindən həll edilirdi. Son bir ayda baş verənləri dərindən təhlil etsək görərik ki, yalnız İranın daxili işlər nazirinin mövqeyində bu gərginliyin diplomatik yolla həll etməyin vacibliyini vurğulandı. O bildirib ki, Azərbaycan bizə dost və qardaş ölkədir. Digər rəsmi şəxslərin mövqeyi isə qərəzli oldu. İsrailin, yaxud onların təbirincə “sionist” qüvvələrin regionda yerləşməsi İranın təhlükəsizliyinə zərbə kimi dəyərləndirildi. Daha sonra siyasətçilər, XİN rəhbəri, Ali Dini Şuranın dilindən məlum mövqeləri gördük. İndiki reallıqda İsraillə İranın əlaqələrini Zəngilanda İsrailə hərbi mövqelər vermək və İrana hücum planı hazırlamaq kimi fikirləri Azərbaycan rədd edir”.

Zahid Oruc bildirib ki, Azərbaycan milləti faktoru gərək kimlərisə narahat etməsin:

“Kimlərsə Azərbaycanın bu zəfərdən sonra yeni müharibələr aparmaq niyyəti olduğunu iddia edir. Bunlar yanlış dəyərləndirmələrdir. Belə hərbi təlimlər əslində İranın daxilində ciddi problemlərə yol açır. O cümlədən, bu gərginlik İranın beynəlxalq münasibətlər sistemində bəlli sanksiyalar durumuna mənfi təsir edir. Azərbaycan qonşu dövlətlərlə münasibətlərini beynəxlalq hüquq üzərində qurur. İran rəsmilərinin açıqlamaları regionda təhlükəsizliyi azaltmır, əksinə daha da vəziyyəti qəlizləşdirir. Bütün bunlar isə kimlərinsə xeyrinə işləyir. Azərbaycan qələbə seriyasını davam edərək üçüncü dövlətlərə hücum planı üzərində işləmir. Azərbaycan imperiya quruculuğu haqqında düşünür kimi ideologiyaları bizim dövlətimizin adına yazmaq olmaz”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən