Deputatdan Dini Komitənin sədr müavininə ETİRAZ - "Anadolu türkünə oxşamaq nə zamandan pis görüntü yaradır?"

""Siyasət meydanı"nda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovu dinləyirəm. Gündüz bəy savadlı və mütərəqqi baxışlara sahib bir şəxsdir və səsləndirdiyi fikirlərin əksəriyyəti ilə də razıyam. Ancaq bir məqam diqqətimi çəkdi. Deyir ki, "İrandan gələn bir dindar bizə dini öyrədir, əvəzində çevrilib iranlıya bənzəyirik. Ərəbistandan gələn dindar dini öyrədir, dönüb ərəb düşüncəsndə oluruq. Anadoludan gələn bizə dini öyrədir, dönüb Anadolu türkünə oxşayırıq. Halbuki biz azərbaycanlı obrazımızı qorumalıyıq". Fikrimcə bu müqayisə heç yerində deyil".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk profilində yazıb.
"Ərəbə, farsa oxşamağı anladım, bu fikirlə əlbəttə razılaşıram. Ancaq Anadolu türkünə oxşamaq nə zamandan pis görüntü yaradır? Məgər məqsədimiz o deyil ki, azərbaycanlı Anadolu türkünə, Anadolu türkü də azərbaycanlıya bənzəsin? Bəs qardaşlığımızın son hədəfi nədir? Azərbaycan əsgəri məgər Anadolu türkünün əsgərinə oxşamaq istəməz? Bu kimi məsələlərdə aşırı azərbaycançılıq etmək qətiyyən olmaz. Biz niyə qazağa, özbəyə oxşamağı, yaxud da onlar bizə oxşamağa xor baxsınlar? Məsələ burasındadır ki, biz bir-birimizə bənzədikdən sonra Türk Birliyini gerçəkləşdirə biləcəyik. Dili ilə, əlfbası ilə, dini ilə, dünyagörüşü ilə bir birinə bənzəməkdən gözəl və dəyərli hansı hədəfimiz ola bilər ki?", - deyə deputat bildirib.