Rusiya və İran xarici işlər nazirləri AZƏRBAYCANA QARŞI - "Lavrov Putini aldadıb..."

 13:33 07.10.2021     2259

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Sergey Lavrov iranlı həmkarı ilə başqa məsələlərlə yanaşı “3+3” formatını da müzakirə etdiklərini bildirib.

Bəs görəsən, Azərbaycanla İran arasında yaşanan gərginliyin fonunda belə bir görüşün keçirilməsində məqsəd nədir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb. O bildirib ki, bu görüşün təşəbbüskarı Sergey Lavrov olub:

“Sergey Lavrov Azərbaycana qarşı daha çox qüvvələrin səfərbər olmasını istəyir. İranın Azərbaycana qarşı bu hərəkətlərindən daha çox Ermənistan və onun havadarları məmnundur. Kələntəryan, yəni Lavrov da belə insanlardan biridir. İranın XİN rəhbəri müəyyən fikir mübadiləsi və dəstək üçün Rusiyaya gedib. Lavrov Putini aldadaraq İranla müəyyən strateji əməkdaşlığa dair fikir mübadiləsi aparacaq. Çünki iranla əməkdaşlıq fonunda Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi müəyyən çətinliyə düşə bilər. İranın əsas arzusu Zəngəzur dəhlizinin yaranmamasıdır. Azərbaycana qarşı gərginlik məhz buradan mayalanır”.

Politoloq bildirib ki, proseslərin hansı məcrada irəliləyəcəyi bəlli deyil: 

“Hesab edirəm ki, İran Rusiyanı Zəngəzur dəhlizinin yalnız Türkiyə ilə Azərbaycana xidmət edəcəyinə inandırmağa çalışacaq. O yəqin ki, bu dəhlizin İrana, Rusiyaya və Ermənistana heç bir faydası olmayacağını iddia edəcək. Əslində bu dəhlizin təşəbbüskarı Rusiya özü olub. Rusiya regionda öz geostrateji maraqlarını reallaşdırmaq üçün bu xəttdən istifadə etməyə çalışır. Hələlik hadisələrin hansı məcraya yönələcəyi bəlli deyil. Ümid edirəm ki, Vladimir Putin İranın xarici işlər nazirinin səfeh təkliflərini qəbul etməyəcək”.

Şəbnəm Mehdizadə