İran İrana qarşı - Keçmiş diplomat yazdı

 19:00 07.10.2021     936

Son günlər baş verənləri hər kəs diqqətlə və bəzi hallarda narahatçılıqla izləyir. Sağlam məntiqlə İranın Azərbaycana münasibətdə siyasətini və əgər buna diplomatiya demək olarsa, diplomatiyasını başa düşmək mümkün deyil. Bir şeyi dəqiq deyə bilərəm ki, İranın düşmən və ya rəqib gördüyü Türkiyə, İsrail, Amerika, Pakistan birlikdə çalışsaydılar İranın Azərbaycandakı mövqelərinə və ikitərəfli əlaqələrimizə İranın özü qədər zərbə vura bilməzdilər. Ona görə bu uğursuz gedişləri rahatlıqla İranın İrana qarşı siyasəti adlandırmaq olar. 

Azərbaycanda İrana qarşı dini baxışlarına görə rəğbəti olan da, neytral yanaşan da və xüsusilə son günlər nifrəti olan da var. Azərbaycanda İrana rəğbətlə yanaşanlar əslində heç də İrana deyil, bu dövlətin illərdir din və şiəliyin təəssübkeşçisi və mühafizəçisi obrazına inananlardır. Buna həqiqətən və qəlbən inananlarla mübahisəyə girişmək və ya onların heysiyyatına toxunmaq istəmirəm. Amma, gözəl atalar sözümüz var: “cidanı çuvalda gizlətmək olmaz”. Bunu nəyə görə yazıram. Çünki, son baş verənləri şiə və din qardaşlığı, təəssübkeşliyi ilə heç cür izah etmək mümkün deyil. Axı, İran məsələyə dini və şiəlik nöqteyi-nəzərindən yanaşsaydı torpaqlarımızın, təhqir edilən məscidlərimizin azad olunmasına sevinməli idi. “Ya Allah”, “Ya Əli”, “Ya Hüseyn” deyib döyüşə gedənləri şəhid edənlərə silah-sursat yardımı göstərməzdi. Ən azı burada, İranın öz dövlət və geopolitik maraqlarını daha üstün tutduğu açıq görünür. Buna başqa don geyindirmək heç cür mümkün deyil. Baxmayaraq ki, azərbaycanlılar 1979-cu il islam inqilabından qabaq da, İranın təsiri olmadıqda da şiəlik əqidələrinə bağlı olublar, yenə də müəyyən insanlar İranın əlahiddə və əvəzolunmaz roluna inanır.

Sosial şəbəkələri və mətbuatı izləyirəm. Təəssüf edirəm ki, özümüz özümüzküləri təhqir edirik. Tarix boyu cəmiyyətimizdə qonşu ölkələrə rəğbəti olan təbəqələr olub və olacaq. Hələ xanlıqlar dövründə də, xanlar bəzən hətta könüllü olaraq bu və ya digər tərəfin əsarətini qəbul edirdilər. Bu təkcə Azərbaycanın problemi deyil. Hər hansı bir ölkəni müqayisə etsəniz görərsiniz ki, oradakı cəmiyyətlərdə ikitirəlik və ya çoxtirəlik var. Bunsuz mümkün də deyil. İnsanlar fərqlidir, yanaşmaları, baxışları, xasiyyətləri və s. Bütün təbəqələrdəki insanlar da bəzən məlumatsızlıqdan, bəzən təsir altına düşmələrindən, fərqli mühitlərdə böyüyüb, təhsil almalarından, bəzən imkansızlıqdan maddi çətinliklər ucbatından, bəzən isə bilərəkdən və dərk edərək özünü bu və ya digər cəbhədə görür.  

Amma, onların hamısı Azərbaycanlılardır. Bir-birimizi kalonlara, bölgələrə bölərək, yuxarıda göstərdiyim səbəblərdən fərqli düşünənləri vətən xainləri, agentlər, satılmışlar, trollar, hücrələr və s. kimi adlandırıb təhqir etməklə bu çatları daha da dərinləşdiririk. Bu ziddiyyətlərdən qazanan düşmən, itirən biz oluruq. Bununla heç cür təkamül edə bilmərik. Deyəlim ki, məsələn İrana rəğbəti olanlar 1%-dir. Bu 100 min insan deməkdir. Bunları silib atmaqmı, sürgün etməkmi lazım?! Əlbəttə ki, yox. Bu heç mümkün də deyil. Eynşteynin ibrətamiz sözü yada düşür “Problemi həll etmək istəyirsinizsə, həmin problemin yaranmasına səbəb olan düşüncədən bir səviyyə üstün düşünməlisiniz”. Biz başqa yolu seçirik. Fərqli düşünənləri təhqir edərək onların özlərini müdafiə mövqeyi almasına səbəb oluruq. Onlar da “öldü var, döndü yox” deyib problemin mahiyyətinə deyil mübahisə və müqavimətə odaklanırlar. Və sona qədər özünün haqlı olduğunu sübut etməyə çalışır. Bəzi hallarda hardasa ürəyində haqsız olduğunu dərk edərkən belə, bu günə qədər tutduğu mövqeyinin haqlı olmadığını anlayanda belə sırf mübahisədə uduzmasın deyənə, əqidəsindən döndü deməsinlər deyənə inad edib mövqeyindən çəkilmir. Bütün bunlar cəmiyyəti mənasız yerə qütbləşdirir və birliyimizə, həmrəyliyimizə zərbə vurur. 

Beləliklə, nəyə görə bir az geniş giriş etdim. Burada heç kimin heysiyyatına toxunmadan son günlər baş verənlərə öz baxışımı yazıram. Hər kəsi də sağlam və obyektiv şəkildə baş verənləri dəyərləndirməsini xahiş edirəm. Fərqli yanaşmalarımızı və arqumentlərimizi dinləyək, nəyin doğru-yanlış olduğunu söyə-söyə, döyə-döyə deyil, danışa-danışa, dinlıyə-dinləyə, düşünərək anlamağa çalışaq. Mən öz arqumentlərimi bölüşürəm. Kimin xoşuna gələr qəbul edər, kimin də xoşuna gəlməz ən azı bəlkə düşündürər. Mütləq həqiqət və ideal təkdir. Mütləq həqiqətə və ideala gedən yol isə geniş və uzundur. O yolda görüşmək nəsib olsun.  

Beləliklə, keçək məqalənin mahiyyətinə. Niyə “İran İrana qarşı”?

Dövlətlərarası əlaqələrdə “diplomatik kanallar” termini var. Diplomatik kanallarla bəzən ölkələr arasında hətta müharibə səviyyəsinə çatmış vəziyyəti belə həll etmək olur. Deyirlər İran böyük dövlətdir, Azərbaycan kiçik dövlətdir. Rəsmi ərazisinə, əhalisinə və bir sıra göstəricilərə görə əlbəttə belədir. Hətta, iki ölkənin hərbi gücünü müqayisə etmək də yersizdi. İran tərəfdən bu müqayisə ona görə yersizdi ki, İran Azərbaycanla müharibə edəcəyi təqdirdə yalnız iki ölkə savaşmayacaq. İran kütləviliyi sayəsində qısa müddətli uğur qazana və Azərbaycan itkilərlə üzləşə bilər. Amma, uzunmüddətli perspektivdə bu ssenari İranın məhvinə səbəb olacaq. Bu, birmənalıdır. İraqın Küveytə hücumunun nə ilə bitdiyi hamıya məlumdur ən yaxın tariximizdə. 

İkincisi, Azərbaycan tərəfindən də müharibə əhval-ruhiyyəsi düzgün deyil. Ölkəmizin ərazisində böyük dövlətlərin qarşı-qarşıya gəlməsi bizim üçün faciəvi nəticələnə bilər. Azərbaycan dövlətinin uzun illər böyük dövlətlərin döyüş meydanına çevrilməmək siyasəti uğurla həyata keçirilir və ölkəmiz bu cür ssenarilərdən uzaq qalmalıdır. 
Amma, indiki halda bir sıra amillərə görə Azərbaycandan böyük olan İrana Azərbaycan böyüklük göstərir. İran isə təəccüblü və düşünülməmiş yanlışlıqlar edir.

İran, öz minillik tarixi və dövlətçiliyi ilə öyünür. Müəyyən qədər haqqı da var. İndiki İran ərazisində böyük imperiyalar olub və farslar da özlərini bu imperiyaların varisləri hesab edirlər. Amma, minillik dövlətçilik tarixi olan dövlətin son bayağı diplomatik gedişləri rəzalətdi. Əlbəttə, hər bir dövlətin uzunmüddətli perspektivə hesablanmış gizli siyasəti olur və bəzən diplomatiyası ilə bunu gizlətməyə, ört-basdır etməyə çalışır. İran isə necə deyərlər “özünü lap yandırdı”. 

İlk öncə, 44 günlük Vətən müharibəsi günlərində İran diplomatiyası regiondakı dəyişikləri düzgün dəyərləndirə bilmədi. Azərbaycana o günlər dəstək olmurdusa, ən azından neytrallıq göstərib Ermənistana yardım etməməli idi. Xüsusilə də, silah-sursat yardımı. Görünən o idi ki, sanki İranın ermənistan qarşısında öhdəliyi var. Ondan sonra da, gedən qatarın dalınca qaçmağa başladı və görünən də odur ki, hələ də yetişə bilmir. Çünki, müharibə bitən kimi, İranın xarici işlər naziri dərhal regional turneyə çıxdı və vəziyyətin nizamlanması üçün müəyyən təkliflərinin olduğunu dedi. Amma, heç bir dövlət bu təklifləri və təşəbbüsləri ciddi qəbul etmədi və nəzərə almadı. İran artıq regional proseslərdən kənarda qaldığını anlamışdı. Amma, çox gec.

İki dövlət arasında problemli vəziyyətə səbəb ola biləcək siqnallar daxil olur. Azərbaycan dövləti ilk olaraq, ən yüksək səviyyədə İran səfirinə dostcasına şifahı narahatlığını bildirir, sonra rəsmi nota təqdim olunur. İran isə bunlara laqeyd və etinasız yanaşır. Bu diplomatik dildə böyük hörmətsizlikdir və o deməkdir ki, “Azərbaycan dövləti, sənin müvəqqəti olaraq tam nəzarət etmədiyin ərazilərə qanunsuz olaraq, istədiyim vaxt girirəm, istədiyim yükü də aparıram. Sən bunu bilsən də, bilməsən də. Çünki, mən regionun böyük dövlətiyəm mənə heçnə edə bilməzsən. Həzm etməlisən və özünü görməməzliyə vurmalısan”. Azərbaycan isə təpkisini göstərəndə deyirsən sionist rejimi dinləyir. Sionist rejim göndərtdirir o yükləri sizə Qarabağa ki, diplomatik qalmaqal yaransın?

Ermənistan belə “Stepanakerti” özününki hesab etmədiyi halda, İran dövlətlərarası nəqliyyat sənədlərində “Stepanakert, Armenia” yazır. Burda deyirlər. Roma papasından artıq katolik olmaq istəyirsiniz? Azərbaycan İrana Ermənistanla əməkdaşlıq etmə demir ki, mənim ərazilərimə izinsiz girmə deyir. Çox şey istəyirik? Azərbaycan Prezidenti nə dedi: “Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq?Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”. Bundan artıq nə demək olar? İran, dostluq əlaqələrini qorumaq üçün Azərbaycanın Qarabağ iqtisadi zonasına qanunsuz səfərlərdən imtina etsəydi, indiki gərginlik də olmazdı. Bu qədər vacibdir ki, o ərazilərə mənşəyi bəlli olmayan yüklərin daşınması?!   

İran xarici işlər nazirliyinin sözçüsü Səid Xatibzadə bildirir ki, “Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı beş dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq”. Tamam. Anlayışlı yanaşırıq deyəlim ki, İranın mövqeyinə. Amma, Xəzərin hüququ statusu ilə bağlı konvensiyanı yeganə ratifikasiya etməyən ölkə İrandır. Anlaşmanı ratifikasiya etməyə-etməyə bu sənədə hansı əsasla istinad edirsən?! Ən azından de ki, üçüncü ölkələrin iştirakı məqsədəuyğun deyil və ya narahatlıq doğurur və s. və ilaxır. Anlaşmaya uyğun deyil, qeyri-qanunidir, araşdırırıq...... Kimin ağlının məhsuludur bu? Minillik diplomatiya necə belə “lapsus” edə bilər...

Və ya bu yaxınlarda İranlı bir mütəxəssis yazır ki, Azərbaycanda 1800 nəfər İsrail xüsusi xidmət orqanının əməkdaşı var. Guya, dəqiq sayına qədər bilir. Tamam da, İranda hər həftə bir hadisə baş verir. Partlayış, alim öldürülür. Deyirsiniz İsrail edib. Belə güclü xüsusi xidmət orqanlarınız varsa, onları zərərsizləşdirin də, qulağınızın dibində. Yoxsa, Azərbaycana başınız qarışıb İrandakı xüsusi xidmət orqanlarını görmürsünüz? At oynadırlar orda. Azərbaycan ərazisində bir İran vətəndaşının başından tük belə əskik olubmu indiyə qədər?! 

İran xarici işlər nazirinin Serqey Lavrovla görüşü məncə İran diplomatiyasına ən utancverici məqamlarından biri idi. İranın xarici işlər naziri ilə mətbuat konfransında nə deyir Lavrov: “Rusiya Cənubi Qafqazda hərbi fəaliyyətin artırılmasına və eyni zamanda təxribat xarakterli təlimlərə qarşıdır. Bu günlərdə İranın sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”.....Yəni, Rusiya İrana açıq mətnlə dedi ki, ordunu sərhəddən çək, nəinki mən bunu dəstəkləmirəm, hətta nəsə baş verərsə qarşında Rusiyanı görəcəksən. Aqilə bir işarə...

Digər məsələ "Xəzər dənizinə və bu bölgənin işlərinə xarici dövlətlərin müdaxilə üçün zəmin hazırladıqlarına gəlincə, həmsöhbətlərimizə, dostlarımıza Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın ən qısa müddətdə qüvvəyə minməsini təmin etməli olduğumuzu dəfələrlə vurğuladıq. Bu, Xəzər böldəsinə aid olmayan istənilən dövlətin dənizdə hərbi qüvvələrinin olmasını açıq şəkildə qadağan edir. Konvensiya tam ratifikasiyadan sonra qüvvəyə minəcək". Bu da hər kəsə aydın oldu: birinci konvensiyanı ratifikasiya et ondan sonra ona istinad et. Deyilənlərə görə, İranın mühafizəkar təbəqəsi Xəzər dənizini özünün daxili gölü hesab etdiyi üçün konvensiyanın ratifikasiya edilməsinin əleyhinədir. Etmirsən lap yaxşı. Onda niyə hay-küy salırsan və ratifikasiya etmədiyin sənədə əsaslanırsan?!         

Əgər mətbuat konfransında Lavrov bu qədər açıq mövqe bildirirsə, görün iki saatlıq bağlı qapılar arxasında keçirilən görüşlərdə hansı formada qarşı tərəfin diqqətinə çatdırılıb. Kənardan belə görünür ki, sanki İran Rusiyaya Azərbaycandan şikayət etmək üçün getmişdi. Yəni, Azərbaycan məni eşitmir, siz də araya girin ki, bizi başa düşsünlər. Lavrov da yeni nazirə diplomatiya dərsi verib yola saldı. Lavrova xüsusi simpatiyam olmasa da, hazırkı vəziyyətdə deyiləcək bir söz yoxdur. Digər görünən odur ki, Rusiya Türkiyənin Cənubi Qafqazda varlığını qəbul etsə də, İranın varlığını diplomatik şəkildə qəbul etmir. Bunun da, günahkarı İrandır. Çünki, Cənubi Qafqazın güclü ölkəsi olan Azərbaycanın yerinə ermənistana “stavka” edib. Türkiyə isə Azərbaycanın sayəsində Cənubi Qafqaz da varlığını möhkəmləndirir. Bu arada deməliyəm ki, Rusiya və Türkiyə diplomatiyası sərrast gedişlər etdiyi halda, İrandan pərakəndəlikdən başqa bir şey yoxdur ortada.  

Daha bir neçə anlaşılmaz və sual doğuran davranışa diqqət çəkək.
 
“Xeybər döyüşü” 628-ci ildə ərəb müsəlmanlarla yəhudilər arasında olub və Həzrət Əlinin igidliyi sayəsində qələbə ilə bitib. Ondan cəmi beş il sonra 633-cü ildə “Xeybər döyüşündə” qələbə qazanmış həmin ərəb müsəlmanlarla Sasani imperiyası arasında müharibələr başlamış və 651-ci ildə sasanilərin məğlubiyyəti ilə bitmişdir. Yəni, Xeybər döyüşü olarkən farslar heç islamı belə qəbul etməmişdilər. O zamankı fars imperiyası “Xeybər fatehləri” ilə döyüşdükləri halda, indi keçirilən hərbi təlimlərin belə adlandırılması anlaşılmazdır. Yəni, Azərbaycanlılar yəhudilərdi?! Yoxsa İranlı mütəxəssisin iddia etdiyi 1800 nəfər İsrail xidmət orqanları ilə döyüş üçündür bu təlimlər? Minillik dövlətçilik tarixi olan ölkənin özünün qələbəsi ilə adlanan bir döyüşü olmayıbmı bu təlimlərə o adı qoysun?! Yoxsa, düşünür ki, bununla dini təbəqə ilə manipulyasiya etmək olar?! İran bir şeyi də anlamır ki, Azərbaycan cəmiyyəti bağlı olmadığı üçün çox ayıq və sayıqdır. Bəlkə də, Azərbaycan “Dəmir yumruq” əməliyyatını “Malazgird fatehləri” adlandırsa idi daha az təəccüblü görünərdi!

Azərbaycan, Türkiyə, Pakistan hərbi təlimləri yalnız xüsusi təyinatlıların təlimi idi. Bir neçə yüz nəfərlik xüsusi təyinatlıların təlimləri və Xəzər dənizindəki təlimlər İran üçün necə təhlükə ola bilər? İran, özünü o qədər zəif hesab edir məgər?  Bir neçə yüz nəfərlik təlimlərə görə sərhədə 50 minlik ordu yığmağa nə ehtiyac var? 21-ci əsrdə hansı ölkə digərinə kütləviliklə hədə gəlir. Qavqamela döyüşləri zamanı deyil ki...Bu arada kimsə desə də ki, İrandakı təlimlərin Azərbaycana aidiyyatı yoxdur, yanılır. Bunu İranın xarici işlər naziri Lavrovla mətbuat konfransında açıq mətnlə etiraf etdi.   

Diplomatik protokola zidd olaraq, etimadnamələrini təqdim edən səfirimizi nümayişkaranə şəkildə “tənbeh” edirsən, sonra da Lavrovla konfransda Azərbaycana dostluq mesajı göndərirsən. Azərbaycanla sərhədə ordu yığ, sonra gedib Rusiyadan ismarış göndər. Bu nə diplomatiyasıdır. Dostluq ismarışlarını elə səfirimizlə göndərəydin də.    

Bir ildi danışırlar Azərbaycanda terrorist var. Heç kimin də əlində heç bir fakt yoxdu. Belə çıxır ki, ya müasir texnologiyalar dövründə belə Azərbaycan xüsusi xidmət orqanları o qədər peşəkar işləyirlər ki, bu sözdə terroristləri heç bir dövlət tapa bilmir ya da iftiradır. Birinci halda böyük ölkələr öz acizliyini göstərir, ikinci halda da düşmənçiliyini. Başa düşmürəm, Azərbaycan terroristləri gətirib ki, gizlətsin və heç kim tapmasın?! Onları “gizlənpaç” oynamağa gətirib? Terroristi harda istifadə etdik? 44 gün ərzində bir terroristin belə nə ölüsünü, nə dirisini tapa bilmədiz?! Hələ də deyirlər Azərbaycanda terrorist var. 

İran, özü İraqla müharibə illərində ərazi bütövlüyünü qorumaq üçün İsraildən silah alarkən sionist ölkəmi oldu? 2000-ci illərin əvvəlindən ABŞ-ın necə deyərlər qılıncının arxası da, qabağı da kəsdiyi vaxtlarda belə Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə vermədiyi halda, İranın hazırkı siyasəti qəbuledilməzdir.  

Belə qənaətə gəlirəm ki, İran, Azərbaycanı yaxşı tanıya bilməyib və son geopolitik dəyişiklikləri də düzgün qiymətləndirə bilmir. Amma bundan uduzan yenə İran olacaq. Azərbaycan bütün qonşuları, o cümlədən İranla sülh və dostluq şəraitində yaşamaq istəyir. Azərbaycan dövləti bunu dəfələrlə isbat edib. İranın həssaslığını nəzərə alaraq, siyasət yürüdüb. Amma diplomatiyada hər şey qarşılıqlılıq prinsipinə əsaslanır.  

Bilirsiniz necədi? Düşünün ki, evinizin bir otağı yanır. Bir dost və qonşu hesab etdiyiniz gözünüzün önündə və gözlərinizin içinə baxa-baxa ora benzin tökür, digəri isə su. Otağın alovunu söndürdükdən sonra onlara necə yanaşarsınız? Kimsə desə ki, eyni demək səmimi deyil. Və alova benzin tökən də, hansı üzlə gəlib səndən yenə eyni xoş münasibət gözləyə bilər?! Bu hərəkətinə nə don geyindirsə də onu haqlı edə bilməz! Nəticədə, mənzilimin daha da alovlanmasını istəmisən. Hansı dində bu yazılıb?  
Əgər, İran regionda nüfuzunu qoruyub saxlamaq və ikitərəfli əməkdaşlıq əlaqələrini əvvəlki məcraya qaytarmaq istəyirsə, hazırkı vəziyyəti “malalamaq” məcburiyyətindədir. Heç olmazsa, bəlkə, indi İranın minillik diplomatiyasını görə bildik. Zərərin harasından dönsən kardır.


Seyran Mirzəzadə, 
keçmiş diplomat,
Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru