"İran Ermənistan üçün “nəfəs borusu”dur" deyən deputata niyə töhmət verilib?

 11:51 13.10.2021     803

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin dünən keçirilən iclasında İranla Azərbaycan arasındakı gərginlikdən danışıb. O bildirib ki, Ərdəbilin imam-cüməsi Həsən Amuli Azərbaycana qarşı fikir səsləndirəndə Bakı buna təmkinli yanaşdı: "Daha sonra təhdidlərin miqyası genişləndi. Ötən il həmkarıımız Bəhruz Məhərrəmov İrana qarşı çıxış edəndə Milli Məclis ona töhmət verdi. Amma indi İran parlamentinin deputatları Azərbaycanı təhdid edir. Ancaq İran parlamenti onları cəzalandırmır”. 

Bəs görəsən, Milli Məclisin hansısa ölkə əleyhinə çıxış edən deputata töhmət verməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Ceyhun Cəfərli bildirib ki, Milli Məclisin üzvlərinin tabe olduğu nizam-intizam qaydaları var:

"Milli Məclis üzvlərinin Konstitusiyadan irəli gələn hüquq və vəzifələri var. Deputatlar eyni zamanda milləti və dövləti təmsil edir. Deputatın əsas vəzifələrindən biri Azərbaycanın tərəfdaşı çıxdğı beynəlxalq konvensiyalara, ölkələrarası münasibətlərə xələl gətirməməkdir. Hüquqa tabe olmayan hüquq subyekti yoxdur. Əgər deputat və ya hökumətdə təmsil olunan istənilən bir vəzifəli şəxs onun tutduğu vəzifəyə uyğun olmayan fikir işlədirsə, yaxud məlumat yayırsa, ona xəbərdarlıq edilə və ya töhmət verilə bilər. Bu, Milli Məclisin qanunla müəyyən olunan səlahiyyətidir. Bununla yanaşı deputatın səsləndirdiyi fikirləri ölkələrarası və ya parlamentlərarası münasibətlərə xələl gətirirsə, ona töhmət verilə bilər. Bu məqam qanunda öz əksini tapıb".

Xatırladaq ki, ötən il noyabrın 6-da Milli Məclisin plenar iclasında səsləndirdiyi fikirlərinə görə parlamentin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

Deputat Bəhruz Məhərrəmovun həmin çıxışını təqdim edirik:

"Bir neçə gün əvvəl İranın Ali dini lideri cənab Ayətullah Xamneyi bəyanat verdi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasına dair çağırış etdi. Əlbəttə ki, bu çağırış alqışlanmalıdır və buna görə İranın Ali dini liderinə təşəkkür edirik. Lakin nəzərə alaq ki, bu, İranın Azərbaycana – bizə lütfü deyil. Bu, beynəlxalq hüququn tələbidir. Cənab ali lider bu çıxışı ilə Azərbaycanı yox, beynəlxalq hüququ müdafiə etmiş oldu. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması tələbi BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, AŞPA-nın, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər onlarca təsisat saya bilərik ki, onların qərarlarında, qətnamələrində əksini tapıb. Bunun əksini söyləmək beynəlxalq hüquqa hörmətsizlik olardı. Yəni bu bəyanat Azərbaycandan çox beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir. Amma istənilən halda bizim üçün müsbət bir haldır. Bu halın Azərbaycana dəstək kimi qiymətləndirilməsinə gəlincə, əvvəlcə ondan başlayaq ki, İran Ermənistan üçün “nəfəs borusu”dur. Təəssüf ki, Ermənistana silahsursat daşınmasının böyük qismi məhz İran ərazisindən həyata keçirilir. Habelə, Ermənistanda yanacaq təminatının reallaşmasında İranın töhfəsi danılmazdır. Əlbəttə, biz iki dövlət arasında münasibətlərə qarışa bilmərik. Bu, onların suveren hüququdur. Lakin bu tərəflərdən biri təcavüzkardırsa, işğalçıdırsa, İranın təcavüzkara yardımı gərək təcavüzə yardım, təcavüzkarla əməkdaşlıq kimi qiymətləndirsin. Elə bu çıxışda anlaşılmaz qalan daha bir məqam İranın Ali dini liderinin bölgədə, müharibə zonasında terrorçulardan danışması oldu. Mən inanmaq istəyirəm ki, İranın Ali dini lideri terrorçular dedikdə Rusiya və Fransa tərəfindən yayılmış feyk xəbərlərə istinad etmir. O, terrorçu dedikdə bir qismi məhz zamanında İran üzərindən Ermənistana və Qarabağa keçmiş PKK, ASALA və digər terror təsisatlarını nəzərdə tutur və onları həm bölgə, həm də İran üçün təhdid hesab edir. Məncə, İran kimi böyük ənənəsi olan bir dövlətin rəhbəri bunu açıq formada deyə bilərdi və bu mənada müəyyən açıqlamaları gözləyirik".