Putin Paşinyana niyə “qulaqburması” vermədi? - AÇIQLAMA

 14:52 13.10.2021     515

"Paşinyanın təəssüratına görə görüş uğurlu keçib, əksər məsələlərdə razılıq əldə olunub. Təbii ki, o bundan başqa cür danışa bilməzdi. Putin Paşinyanı mehriban qarşılayıb, hətta onunla nahar edib".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında dünən keçirilən görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Paşinyan Moskvaya getməzdən əvvəl bəyanat verərək bildirmişdi ki, bu gün Dağlıq Qarabağın taleyi ilə bağlı bəzi məsələlər həll edilməmiş qalır: "O, sərhəd məsələsinə toxunaraq Azərbaycanın bəzi ərazilərdə Ermənistanın ərazisinə girməsi haqda fikirlər səsləndirib. Təbii ki, bütün bu iddialar danışıqlar prosesinə əngəl törədə biləcək fikirlərdir. Paşinyanın status məsələsini Putinlə müzakirə edəcəyini bildirməsi narahatlıq yaradan məsələlərədən biridir. Biz hesab edirdik ki, Putin onun ağzından vuracaq və bəzi məsələləri müzakirə etməyəcəyini istəyəcək. Lakin Putinin Paşinyana “qulaqburması” verib vermədiyi bəlli deyil”.

Politoloq bildirib ki, Putin Ərdoğanla görüşündə də, Qarabağı müzakirə edib. Lakin Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi birmənalıdır:

“Status deyilən məsələ yoxdur və olmayacaq. Sərhədlər məsələsinə gəldikdə isə Çar Rusiyası dövründəki xəritələri çıxarıb müəyyənləşdirəcəyik. Bununla bağlı tərəflər təklif göndərib. Hər halda Azərbaycan hesab edir ki, Rusiya vasitəçiliyi öz üzərinə götürürsə, bu məsələlərdə moderator olmalıdır. Biz müharibədə qələbə çalmış tərəf kimi ədalətin zəfər çalmasını istəyirik. Ermənilər özünü elə aparır ki, sanki heç nə olmayıb. Hətta revanşizm və yenidən ordu yaratmaq kimi fikirlər səsləndirilir. Əsas məqsəd qarşı tərəfə inkişaf mesajı verməkdir. Amma hər halda danışıqlar prosesində ərazi bütövlüyü əsas məsələ olaraq qalacaq. Hər iki tərəf digərinin ərazi bütövlüyün tanımalıdır. Status məsələsinə dair müəyyən fikir ayrılıqları olsa da, Azərbaycanın bu məsələdə mövqeyi keçərlidir. Çünki saxta Dağlıq Qarabağ Muxtar vilayəti yenidən gündəmə gəlməyəcəck. Azərbaycan buna imkan verməyəcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən