"İran bilir ki, gec-tez Cənubi Azərbaycan məsələsi gündəmə gələcək" - AÇIQLAMA

 16:58 14.10.2021     891

İranla Azərbaycan arasında yaşanan gərginlik hələ də davam edir. Bu günlərdə məsələnin həlli ilə bağlı hər iki ölkənin XİN rəhbəri arasında telefon danışığı olub. Belə ki, nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. İranlı nazir bildirib ki, iki ölkə münasibətlərdəki anlaşılmazlıqlara yol verməməlidir.

Bəs görəsən, İran Azərbaycandan nə istəyir? Gərginliyi yaradan və davam etdirən tərəf kimi İranın məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov cavablandırıb. O bildirib ki, İranla Azərbaycan arasında yaşanan gərginliyin tarixi kökləri var:

“100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti elan olunduğu zaman İran Azərbaycanın şimalında dövlət qurlmaısna çox qısqanclıqla yanaşır və bunu qəbul etmək istəmirdi. O vaxt da İran əlindən gələni edirdi ki, Azərbaycan dövlətçiliyi bərpa olunmasın. İran həmişə öz daxilində baş verə biləcək proseslərdən qorxub.

İran Ermənistan-Azərbaycan münaqişəsinin həllində müəyyən cəhdlər göstərsə də, məlum oldu ki, onun məqsədi tamam başqa imiş. Tehranda razılaşma imzalandıqdan dərhal sonra Şuşanın işğalı üçün şərait yarandı. İran vasitəçi kimi Ermənistana böyük təsir edə bilərdi, amma bunu etmədi. Nəhayət Azərbaycan öz gücü hesabına ərazilərini işğaldan azad etdi. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq hüquq normalar və prinsiplərə həmişə əməl edib. Lakin Zəngilanın azad olunması zamanı İranın bizə hansı maneələr törətdikləri məlumdur. Çünki Azəraycanın öz ərazi bütövlüyünü bərpa etməsi İranı ciddi şəkildə narahat edir. 30 ildir ki,  Azərbaycanın əsas problemi məhz Dağlıq Qarabağ münaqişəsinin həlli idi. İran hesab edir ki, Azərbaycan ən böyük problemini həll etdikdən sonra öz gücünü artıraraq daha da böyük nüfuz əldə edəcək. İran bunu heç cür qəbul edə bilmir”. 

K.Məmmədov bildirib ki, İranı qorxudan ən böyük məsələ Cənubi Azərbaycan məsələsidir: “Bizim orada 40 milyondan çox soydaşımız yaşayır. Onların hüuqları İranda təmin olunmur. İran bilir ki, gec-tez Cənubi Azərbaycan məsələsi gündəmə gələcək. Bu mənada Azərbaycanda İsrailin hərbi bazalarının olması ilə bağlı səsləndirdiyi iddialar boş söhbətlər və bəhanələrdir. Çünki İran öz daxilində baş verə biləcək hadisələrdən və azərbaycanlıların nə vaxtsa öz haqlarını tələb edəcəklərindən qorxur. Şimali Azərbaycanda güclü dövlət olarsa, bu zaman öz soydaşlarına biganə yanaşmayacaq. Digər bir səbəb isə İranın narkotik şəbəkəsinin işğal olunmuş ərazilərdən dünya bazarına narkotik çıxararaq və satışını təşkil etməsidir. İran bu “ticarət”dən böyük pul qazanıb. İndi bu yol bağlanıb. Son günlər yaşanan arqesiyya məhz buradan qaynaqlanır”.

Mütəxəssis qeyd edib  ki, iki ölkə arasındakı münasibətlər yenidən bərpa olunacaq: “Azərbaycan sülhsevər dövlətdir və bütün qonşuları, o cümlədən Ermənistanla dinc və yanaşı yaşamaq pinsipini əsas götürür. Kommunikasiyaların açılmasında Azərbaycanın təkid etməsi də məhz buradan irəli gəlir. İran da bizim qonşu ölkədir. Münasibətlərin yenidən bərpa olunmasına cəhd edəcəyik. Bu günlərdə iki ölkənin XİN rəhbərləri arasında aparılan danışıqlarda da Azərbaycan münasibətlərin bərpasına cəhd edib. Hesab edirəm ki, yaşanan gərginlik tezliklə aradan qalxacaq”.

Şəbnəm Mehdizadə